Vətən uğrunda canını fəda edən qəhrəmanlardan biri də şəhid polkovnik-leytenant Sənan Axundovdur. O 29 sentyabr 1979-cu ildə Fizuli rayonunda anadan olub. Orta məktəbi bitirəndən sonra 1996-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Məktəbinə daxil olub. Hərbi təhsilini bitirdikdən sonra ordu sıralarında kəşfiyyatçı vəzifəsində xidmətə başlayıb. Aprel döyüşləri zamanı Sənan könüllü olaraq Müdafiə Nazirliyinə raportla müraciət edərək, ön cəbhədə yerləşən hərbi hissələrdən birində kəşfiyyat idarə rəisi təyin olunur.
Şəhidin xanımı onunla bağlı xatirələrini Moderator.az ilə bölüşüb.
“Sənan bizimlə ayrılan ərəfədə son anda mənə dedi ki, rahat gedirəm, sənin kimi güclü bir qadını evdə, övladlarımın yanında qoyub gedirəm. Mən bilirəm ki, sən evimi idarə edib, uşaqlarımı böyüdəcəksən. Onun 20 ilə yaxın hərbi stajı var idi, bu illər ərzində o medallarla, fəxri fərmanlarla təltif olunmuşdu. Medalları üçün xüsusi qab almışdı. Gedən günü bütün medallarını çıxarıb, hər medalını ayrı-ayrılıqda məxməri bir qaba düzdü və bizə bərk-bərk tapşırdı ki, mənim medallarımın yerini tərpətməyin. Bizim evimizə gələn hər bir qonaq medallarımı mütləq görməlidir. Məni və qızımı bağrına basdıqdan sonra oğluma dedi ki, evin kişisi artıq sənsən, evi sənə əmanət edib gedirəm. Gedib çatanda yazmışdı ki, canlarım, mən çatdım!” deyə şəhidin xanımı bildirib.
Nəcibə xanım Sənanın övladlarına çox bağlı olduğunu bildirib.
“Sənan oğlu Tahirin bütün uğurlarına sevinib, Nəzrinin ətrini ciyərlərinə çəkirdi. Bir bilsəniz ki, Nəzrini necə sevirdi?! Alırdı qucağına, gedib yatağında uzanırdı, ətrini ürəyinə çəkirdi, deyirdi ki, Nəzrinin ətrindən doymuram. Nəzrin indi də atasının yoxluğunu qəbul etmir. İndi Nəzrini Sənan kimi bağrına basan, ətrini onun kimi ürəyinə çəkəni yoxdur. Mən Sənan ola bilmirəm” deyə Nəcibə Axundova bildirib.
Şəhidin xanımı bildirib ki, o döyüş yoldaşını minalanmış ərazidən çıxarmaq istəyərkən şəhid olub.
“O sübh çağı döyüş yoldaşı ilə minalanmış ərazidən qayıdırmış. Özü ilə gedən, sadəcə geridə qalan zabit yoldaşının minaya düşməyini eşidir və arxasınca yenidən minalanmış əraziyə gedir, görsün ki, həmin zabitin aqibəti necə oldu? Əgər yaralıdırsa çıxarsın, minaya düşüb şəhid olubsa nəşini ordan götürsün. Həmin şəxsi tapandan sonra görüb ki, həqiqətən də o yaralıdır. Sənan cəld tərpənir, hərbi kəmərini çıxarıb, döyüş yoldaşının yarasını bağlayaraq qanaxmanın qarşısını alır. Bununla da ona ilkin yardım göstərərək, həyatını xilas edir. Cəhd edir ki, onu həmin ərazidən çıxararaq bizim tərəfə gətirsin. Onu minalı ərazidən çıxarır, amma özü düşmənin iki daha ağır minasına tuş gəlir. Ayağından aldığı yara qanaxmaya səbəb olur. Həmin ərazidə ona ilkin tibbi yardım göstərilmədiyinə görə Sənan aprelin 18-də şəhidliyə ucalır. Həmin gün qızım Nəzrin oturduğu yerdə 16:01-də Sənana mesaj yazmışdı ki, “ATA, SALAMAT QAL”. Həkimlər isə saat 16:00-da Sənanın ölümünü fiksasiya ediblər. Ölüm kağızında həmin saat yazılmışdı” deyə Nəcibə Axundova bildirib.
Nəcibə Axundova Sənanla bağlı gördüyü yuxunu da bizimlə bölüşüb.
“Həmin gün Sənan mənim yuxuma qeyri-adi bir formada gəldi. O bizi sanki gəzməyə çıxarıb, dağın başında bir evə aparır. Amma ora soyuq idi. Fizuli soyuq olan yerdir. Mən başa düşürəm ki, o sanki bizi Fizuliyə aparırmış kimi idi. Yuxuda məndən soruşur ki, sən bu evimizi bəyəndinmi? Mən də bəyəndiyimi bildirirəm. Otaqda 3 çarpayı var. Biz isə 4 nəfərik. Soruşuram ki, Sənan bəs sənin çarpayın hardadır? Qapının ağzında mənə nimdaş, köhnə bir oturacaq göstərir və deyir ki, mənim yerim burdadır, mən burada oturub daim sizi qoruyacağam” deyə şəhidin xanımı bildirib.
Nəcibə Axundova mart ayının 7-də “Tərəqqi” medalına layiq görüldüyün bildirərək ölkə başçısına təşəkkür edib.
“Bu günlərdə Xəzər televiziyası mənim haqqımda 30 dəqiqəlik “Güclü xanım” adlı sənədli film hazırladı. Şəhid xanımı olaraq biz sınmadıq, ayaq üstəyik, övladlarımızı böyüdürük, işimizdə, fəaliyyətimizdəyik. Mart ayının 7-də cənab prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülən 13 qadından biri oldum. Buna görə ölkə başçısına təşəkkür edirəm” deyə şəhidin xanımı bildirib.