Fərrux yüksəkliyində 62 itkinin olması ilə bağlı siyahı tərtib etmişdik. Həmin sənədlər Hərbi Prokurorluq tərəfindən götürülüb.
Trend-in məlumatına görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.
"Həmin 62 nəfərin hamısından DNT nümunələri götürülməyib. DNT analizlərindən sonra meyit qalıqlarının nümunələri ailə üzvlərinin DNT analizləri ilə eyniləşdiriləcək və sonra müəyyən edilərək ailələrinə təhvil veriləcək. Hazırda bu istiqamətdə işlər gedir. Eyniləşdirmə prosesi bir neçə ay davam edəcək.
Birinci Qarabağ müharibəsində tapılan cəsəd qalıqları Ermənistan tərəfindən təhvil verilib. Bundan başqa, aparılan axtarışlar nəticəsində 60-a yaxın meyit qalığı tapılaraq DNT analizlərinə təqdim edilib. Fərrux kəndində isə hələlik 3 meyit qalığı aşkarlanıb. Həmin ərazilərdə axtarışlar davam etdiriləcək.
Bundan başqa, biz Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində də meyit qalıqları aşkar etmişik. Həmin ərazilər minalardan tam təmizlənmədiyindən o qalıqlar hələ ərazidən tam götürülməyib. Ərazi təmizlənəndən sonra həmin qalıqlar da götürüləcək və analizlərdən sonra ailələrinə təhvil veriləcək".