Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - VİDEO

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - VİDEO backend

Martın 24-ü Pəncəli Teymurovun doğum günüdür.

Bu ad bəlkə də bir çoxunuza tanış deyil. Əlbəttə, ermənilərin başına 1 milyard (dramla) pul qoyduğu bu “kölgə adam” mümkün qədər gizli fəaliyyət göstərməli idi. Özü hər nə qədər sirli olsa da, qəhrəmanlıqları düşməni vahiməyə gətirmişdi.

Kult.az Pəncəli Teymurov haqqında 2020-ci ildə hazırladığı materialı yenidən oxucularına təqdim edir:

Pəncəli Teymurov 1981-ci ilin martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. 1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbini bitirib. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub. Daha sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib.

11 yaşlı Pəncəli söz vermişdi ki...

Pəncəli Teymurov hələ uşaq ikən, 1992-ci ildə baş vermiş Xocalı soyqırımının kadrlarını izləyəndə hərbçi olacağına və düşməndən intiqam alacağına söz vermişdi.

O, illər sonra sözünü tutur. Xocalı faciəsi zamanı azərbaycanlıları öldürən erməni hərbçi general rütbəsi almağa gedərkən Pəncəli Teymurov onu izləyir və əlverişli məqamda məhv edir. Bu olay erməni ordusunu lərzəyə salır, böyük çaxnaşma yaradır.

Kəlbəcərdə 24 ermənini məhv edir

Pəncəlinin qəhrəmanlığı bununla da bitmir. 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli 4 erməni zabirin və 20 əsgərin olduğu “Ural” markalı maşını partladaraq onların hamısını məhv edir.

Bu qəhrəmanlıqlardan sonra ermənilər Pəncəlinin başına bir milyard dram qoyurlar, lakin nə qədər cəhd etsələr də, onu ələ keçirə bilmirlər.

Hətta bir dəfə erməni hərbçiləri Pəncəlini tutmaq üçün pusquya salırlar, o isə 21 gündən sora pusqudan çıxaraq növbəti dəfə düşməni şoka salır.

2016-cı ilin aprel hadisələrinin ilk günü Pəncəli öz döyüş yoldaşları ilə erməni təxribatının qarşısını almağa yola düşür. O, ermənilərin bir neçə canlı qüvvəsini və texnikasını məhv edir. Mühasirəyə düşsə də, son damla qanına kimi döyüşür və düşmənə ağır zərbələr endirdikdən sonra şəhid olur.

Sağ ikən qisasını alan qəhrəman

Erməni generalını məhv etmək, hərbçilərin olduğu maşını partlatmaq, Aprel döyüşlərində onlarla erməni əsgərini, texnikasını sıradan çıxarmaq... Təbii, bunlar Pəncəlinin bizə məlum olan qəhrəmanlıqlarıdır. Onun düşmənə sarsıdıcı zərbələr vurduğu elə xüsusi əməliyyatları var ki, bu gün də erməni ordusunda qorxu ilə xatırlanır.

Təsadüfi deyil ki, böyük qardaşı Elbrus Teymurov da bunu deyir:

“Şəhid olandan sonra döyüş yoldaşları dedi ki, Pəncəli sağ ikən öz qisasını almışdı”.

Pəncəlinin həyata keçən arzusu

Vətənə canı və qanı ilə bağlı olan Pəncəli Teymurov öz toyunda düşməndən intiqam alıb şəhid olmağı və üçrəngli bayrağımıza bükülüb dəfn olunmağı arzulamışdı.

O, həm bu arzularına çatdı, həm də özündən sonra böyük bir yol qoyub getdi. Hansı ki, bu gün o yolla Pəncəli Teymurovun dayısı oğlu gedir. O, “Cıdır düzündən dərilmiş gülləri Pəncəlinin məzarına düzmək istəyirəm” deyərək, şəhid qəhrəmanımızın yolunu davam etdirəcəyini bildirib.

Bu gün Azərbaycan Ordusunda Pəncəli Teymurov kimi yüzlərlə qəhrəman var. Bunu biz də, işğalçı düşmən də yaxşı bilir.

Mübariz İbrahimov da, Pəncəli Teymurov da son deyil, başlanğıcdır...

Diaspora