Torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının xatirəsinə ehtiram məqsədilə anım mərasimləri keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Vətən müharibəsi şəhidləri Murad Nağıyev və Həsənağa Abdullazadənin xatirəsinə həsr olunan tədbirlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, millət vəkilləri, şəhidlərin ailə üzvləri, dostları və döyüş yoldaşları iştirak ediblər.
Mərasimlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı parlaq Zəfərin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, həmçinin övladlarının xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
Şəhidlərin qısa, lakin şərəfli ömür, eləcə də döyüş yolundan bəhs edən sənədli filmin və kitabların təqdimatı olub.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.