Xaçmazda Samir Mustafayevin xatirəsinə inşa edilən bulağın açılışı olub.
"Report"un Şimal bürosunun məlumatına görə, Vətən müharibəsi şəhidi Samir Azər oğlu Mustafayevin doğum günündə onun xatirəsinə inşa olunan şəhid bulağının açılışı olub.
Qarabağ əlillərinə qayğı ( QƏQ ) ictimai birliyinin təşkilatçılığı ilə Qaracəlli kəndində keçirilən anım mərasimində Rayon İcra Hakimiyyətnin əməkdaşları, idarə və təşkilatların nümayəndələri, şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbirdə çıxış edənlər şəhidin qısa, lakin şərəfli ömür və döyüş yolundan danışaraq, onun İkinci Qarabağ müharibəsində nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətindən bəhs ediblər.
Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi bildirilib, Qələbənin tarixi əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd edilib ki, Samir kimi igid oğullarımızın sayəsində Zəfər Günü tarixə yazılıb. Tədbir iştirakçıları bulağın açılışından sonra şəhidin məzarı üstünə gül- çiçək dəstələri düzüb, əziz xatirəsini yad ediblər.
Məlumat üçün bildirək ki, Samir Mustafayev 10 mart 2000-ci ildə Xaçmaz rayonunun Qaracəlli kəndində dünyaya göz açmışdır. Ailənin ilk övladı olan Samir uşaqlıqdan cəsur böyümüşdür. 2018-2019 - cu illərdə hərbi xidmətdə olarkən hünər göstərən Samir Mustafayev Vətən müharibəsi başlayarkən yenidən silahlı qüvvələrmizin sıralarına müddətdən artq həqiqi hərbi xidmət qulluqçusu kimi qatılır.
Ağdərə, Xocavənd, Füzuli və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə kəşfiyatçı- atıcı kimi düşmənə sarsıdıcı zərbələr endirir. Düşmənin xeyli sayda texnikası və canlı qüvvəsinin məhv edilməsində əvəzsiz xidmətləri olan Samir Mustafayevin son döyüşü Suqovuşan ərazisində olur və elə orada oktyabrın 10-u günorta saatlarında döyüş tapşırığını yerinə yetirərkən canını tapşırır, şəhidlik zivəsinə ucalır. Ayın 29-u şəhidimizin nəşi doğulduğu Xaçmaz rayonu Qaracəlli kəndinə gətirilib və torpağa tapşırılıb.
Xatırladaq ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə şəhid Samir Azər oğlu Mustafayev “Vətən uğrunda” medalı və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Allah rəhmət eləsin!