Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Azərbaycan Ordusunun baş leytenantı Abdullazadə Həsənağa Şakir oğludur.
"Repor" xəbər verir ki, bu gün şəhidin doğum günüdür.
Martın 9-da şəhidin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin nümayəndələri, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının əməkdaşları, ictimaiyyət nümayəndələri İkinci Şəhidlər xiyabanında H.Abdullazadənin məzarını ziyarət ediblər.
Şəhidin anası Səmilə Abdullayeva "Report"a açıqlamasında bildirib ki, oğlunun nəşi uzun müddət tapılmayıb. İtkin düşən H.Abdullazadənin nəşi 112 gündən sonra Kəlbəcər rayonu ərazisində aşkarlanıb.
”Oğlum mənə 8 mart hədiyyəsi idi. Mən yaşayıram ki, onu yaşadım”, – anası bildirib.
Şəhidin atası Şakir Abdullayev deyib ki, oğlunun uşaqlıqdan hərbi sahəyə böyük marağı olub.
“Sonuncu danışığımız oktyabr ayının 1-də oldu. Müharibədə iştirak etdiyini bildirdi, sanki şəhid olacağını hiss etmişdi”.
Daha sonra AMEA Mərkəzi Elmi Kitabxanada "Bu dünyanın Həsənağası" adlı kitabın və eyniadlı sənədli filmin təqdimatı keçirilib.
İlk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, digər şəhid anaları, deputatlar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun baş leytenantı H.Abdullazadə 1993-cü ildə Lənkəran şəhərində anadan olub. 1999-2007-ci illərdə R.Bədəlov adına 9 saylı Lənkəran şəhər tam orta məktəbində, 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. Ali Hərbi Məktəbi “leytenant” hərbi rütbəsi ilə bitirərək 2014-2015-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində iştirak etdiyi zabit təkmilləşdirmə kursunu uğurla başa vurub.
H.Abdullazadə 2015-ci ildə Azərbaycan Ordusunun Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. 2017-ci ildən xidmətini “baş leytenant” hərbi rütbəsi altında davam etdirib.
O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, daha sonra isə Ağdərə və Kəlbəcər cəbhələrində vuruşub.
Oktyabrın 1-dən H.Abdullazadə ilə əlaqə saxlamaq mümkün olmayıb. Oktyabrın 2-də Kəlbəcər rayonu ərazisində yerləşən hakim yüksəkliklər uğrunda gedən döyüşlərdə pusquya düşərək qəhrəmancasına şəhid olub.
Onun nəşi yanvarın 14-də tapılıb və İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarına əsasən, H.Abdullazadə "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.