Xocalılar şəhid olduqları ərazilərdə azanla anıldılar - VİDEO

Xocalılar şəhid olduqları ərazilərdə azanla anıldılar -  VİDEO backend

İşğaldan azad edilmiş ərazilərdə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı azan oxunub.

Trend-in məlumatına görə, vaxtilə Şuşa və Ağdam Cümə məscidlərində verilmiş azanın audioyazısı fevralın 26-da səyyar səsyayıcı stansiyalar vasitəsilə Şuşadan Xankəndi, Ağdamdan isə Xocalı və Əsgəran istiqamətlərində səsləndirilib.

Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib.

Həmin dövrdə ərazidə döyüşmüş jurnalist qazi Rey Kərimoğlu Qaziler.az-a bildirib ki, bu gün azanın səsləndirildiyi yer vaxtilə xocalıların şəhid edildiyi ərazilərə yaxındır.

“İnanıram ki, onların ruhu azanın səsini eşidib şad olub. İnsan az da olsa, bundan təskinlik tapır. Görüntülərdəki maşınlar xocalıların qətlə yetirildiyi ərazilərdən 300-500 metr, 1 km aralıdadır. Yəni həmin yerlərə çox yaxındır. Xocalılar həmin görüntülərdəki ətraf ərazilərdə, meşədə, çayın kənarında, ordakı dağlarda, dərələrdə şəhid olublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Amin”.

Azan səsi növbəti dəfə 16.58-də səsləndirilib.

Qeyd edək ki, bu azanı işğaldan bir qədər əvvəl Şuşa Musiqi Texnikumunun müəllimi Hafiz Sədrzadə oxuyub və lentə alınıb. Hafiz Sədrzadə Ağdamda yaşayıb, işğaldan sonra məcburi köçkün kimi Pirşağı qəsəbəsində məskunlaşıb. Hafiz Sədrzadənin atası uzun illər Ağdam Cümə məscidinin axundu olub, böyük dini alim kimi tanınıb. O, bu azanı “Zəminxarə” muğamı üstündə oxuyub.

Diaspora