Xocalı qətliamında hər iki valideynini itirən Murad: “Anamın öldüyünü biləndə sevindim ki, əsir deyil” - FOTO

Xocalı qətliamında hər iki valideynini itirən Murad:  “Anamın öldüyünü biləndə sevindim ki, əsir deyil” - FOTO backend

44 günlük Vətən müharibəsindən sonra xalqımızın illərdir həsrətlə gözlədiyi Qarabağ nəhəyət öz əzəli sahiblərinə qayıtdı.

Bu illər əvvəl torpaqlarımızın düşmən tərəfindən işğalı zamanı ailəsini, yaxınlarını itirən şəxslərin az da olsa ürəyinə su səpmiş oldu. Qarşıdan ağrılı-acılı Xocalı faciəsinin ildönümü gəlir. Soyqrımından nə az, nə çox 30 il ötür. Bu dəfə həmin günü qalib xalq kimi qeyd edirik. Xocalıda yüzlərlə insan qətlə yetirilib. Ailəsi, əzizləri gözləri önündə əziyyətlə öldürülən qəhrəman şəhər...

1992-ci il fevral ayının 25-dən 26-na keçən o qanlı gecə... Bütün yollar bağlandı və Xocalıda dünyanın görmədiyi vəhşiliklə insanlar qətlə yetirildilər. Bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə keçdi. Dinc, silahsız yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olub. Minlərlə insan yaralanıb, xəsarət alıb, şikəst olub, əsir düşüb. Bu günə qədər də itkin düşənlər barəsində məlumat ala bilməyən ailələr var...

Həmin gecənin şahidlərindən biri də Azərbaycanın Milli Qəhrəmanı, “Mixaylo” ləqəbli Tofiq Hüseynovun oğlu Murad Hüseynovdur. O, hazırda Xocalı Rayon İcra Hakimiyyətində Hüquq Şöbəsinin müdiri vəzifəsində çalışır.

Xocalı soyqırımının canlı şahidi Murad Hüseynov Oxu.Az-ın əməkdaşı ilə söhbəti zamanı o dəhşətli gecədən xatirəsində qalan anları bölüşüb:

- Bu il Xocalı soyqırımından 30 il ötür… Ötən illərdən fərqli olaraq bu il o dəhşətli gecəni qəhrəman xalq kimi qarşılayırıq. Sizin üçün ağır olsa da həmin günü necə xatırlayırsınız...?

- Bu barədə danışmaq mənim üçün çox ağırdır. Əvvəlcə onu deyim ki, bu hadisələr baş verən zaman 9 yaşım var idi. Xocalı hadisələri baş verməzdən bir neçə gün əvvəl şəhərdən çıxarılmışdım. Xalam sanki bilirmiş kimi Xocalıya gələn son vertolyotla məni və iki bacımı da götürüb şəhərdən çıxmışdı. Biz üç gün sonra bildik ki, Xocalıda qətliam olub. Xocalı soyqrımı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Faciədən bir neçə gün sonra mən ailə üzvlərimin vəhşicəsinə qətlə yetirildiyini öyrəndim. İki bacım və mən əmimgilin himayəsində qaldıq.

19 il ana yolu gözləyən üç körpə...

- Xocalını sona qədər müdafiə edənlərdən biri də sizin atanız olub... 

- Atam - “Mixaylo” ləqəbli Tofiq Hüseynov özü ilə birlikdə bir qrup Xocalı sakinini toplayıb. Onlar birgə “Qisasçı” Xocalı özünümüdafiə taboru yaratmışdılar. Bu tabora rəhbərlik edərək torpaqlarımızın müdafiəsi uğrunda döyüşüblər. O, sakinləri xilas etmək, onları təhlükəsiz ərazilərə aparmaq üçün əlindən gələni edib. Amma təəssüf ki, heyət az olduğundan onlar hər kəsi qorumağa müvəffəq ola bilmədilər. Atam Xocalının sakinlərini 4-5 dəfə fərqli mövqelərdən təhlükəsiz ərazilərə çıxara bilmişdi. 

Daha sonra əsir düşmüş sakinləri xilas etmək lazım idi. Çıxış yolunu diqqəti öz üzərinə çəkməkdə görüb. Bəlkə də o an başqa variant həqiqətən olmayıb. Soydaşlarımızı xilas etmək üçün düşmənin diqqətini öz üzərinə çəkib. Silah-sursatı bitənə qədər düşmənlə mübarizə aparıb, təslim olmayıb. Son gülləsi qalanda düşmən onu mühasirəyə alıb. Atam düşmənlərin onu mühasirəyə almasını gözləyib və üzərində olan sonuncu əl qumbarasını partladaraq özü ilə bərabər on nəfər düşməni də məhv edib. Bununla da əsir düşən Xocalı sakinlərini xilas etməyə nail olub. Xocalı qətliamı zamanı qəhrəmanlıqlarını nəzərə alaraq, ölümündən sonra atama “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Ümummilli lider Heydər Əliyev tərəfindən qızıl medalla təltif edilib. Atam Bakıda “Şəhidlər xiyabanında” dəfn olunub.

Lakin Xocalı faciəsi mənim nəinki hər iki valideynimi, eləcə də babalarımı, nənələrimi, əmimi, bibimi, xalamı, xalamın azyaşlı oğlanlarını və digər əzizlərimi aldı. O qanlı gecə mən 49 nəfər yaxın qohumumu itirdim. 30 il keçsə belə, mən Xocalı soyqırımının izlərini unuda bilmərəm. 

- 19 il yolunu gözlədiyiniz ananızdan bir xəbər ala bildinizmi?

- Xocalı faciəsi zamanı 1 275 nəfər əsir düşüb. Elə bilirdik ki, anam -  Hüseynova Məxmər Qurban qızı da həmin insanlarla birlikdə əsir düşüb. 19 il məlumat ala bilmədiyimiz üçün mən anamın bir gün qayıdacağına inanırdım. Amma bir dəfə rus jurnalistin təqdim etdiyi foto bütün ümidlərimi qırdı. Anamın meyitini ilk dəfə o fotoda gördüm.

Nəinki anamın xalam və iki azyaşlı övladının da cəsədləri həmin fotoda idi. Çox qəribə hisslər keçirdim. Anamın ölümünə kədərlənsəm də əsirlikdə olmadığına, o an hansısa dəhşətli işgəncələrə məruz qalmadığı üçün sevindim. Bir övlad üçün bu, çox ağır bir hissdir. Bunu dilə gətirmək belə mənə çətindir. Ağlıma da gəlməzdi ki, nə vaxtsa valideynimin ölümünə sevinərəm. Amma sevindim. 

- Xocalıda 25 uşaq hər iki valideynini itirib. Siz və bacılarınız da onlardan birisiniz, bilmək istərdim sizi kim himayəyə götürdü?

- Bacılarımla mən əmimgilin himayəsində böyüdük. Dövlətimiz də bizi diqqətdən kənarda qoymadı. Hər iki valideynini itirən, Xocalıdan olan 25 uşaq üçün yaşayış binası tikildi. O binadan bizə də mənzil verildi. Hazırda da mən həmin binada yaşayıram. Dövlətimiz mənim xaricdə təhsil almağım üçün şərait yaratdı. Türkiyədəki universitetlərdən birində hüquq üzrə təhsil alıb, işlə təmin olunmuşam. Hazırda isə Xocalı Rayon İcra Hakimiyyətində Hüquq Şöbəsində çalışıram. 

- Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması ilə bağlı tədbirlərdə bu dəhşətləri danışmaq sizə ağır olsa gərək...

- Siz təsəvvür etmirsiniz o hadisələri ictimaiyyətə çatdıran zaman mən hansı hissləri keçirirəm. Amma orada şəhid olan günahsız insanların, körpələrin, ana-bacıların, soydaşlarımızın xatirəsinə hörmət əlaməti olaraq Xocalıya ədalət tələb edilməlidir. Ötən illər ərzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış “Xocalıya Ədalət” kampaniyası çərçivəsində bir neçə dəfə respublika daxilində və respublikamızın hüdudlarından kənarda Xocalı həqiqətləri barədə tədbirlərdə iştirak edərək, Xocalı soyqırımı barədə ictimaiyyətə məlumat vermişəm.   

Xocalı soyqırımını indiyədək dünyanın 16 ölkəsi və ABŞ-ın 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatının 57 ölkəsi tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb və pisləyib. Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Təbii ki, bu çətin bir prosesdir. Bunu qısa müddət ərzində bütün dünyaya yaymağın özü də çətin və mürəkkəb işdir.

- Artıq 44 günlük Vətən müharibəsi ilə Azərbaycan öz ərazi bütövlüyünü yenidən bərpa etdi. Artıq şəhidlərimizin qisası alındı.

- Doğrudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Prezidentimiz İlham Əliyev Azərbaycan ordusunun həm formalaşması üçün, həm də maddi-texniki bazasını möhkəmləndirmək üçün zəruri olan bütün addımları atdı. Onun sayəsində 2020-ci il sentyabr ayının 27-dən başlayaraq 44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusu öz gücünü göstərdi. İşğal olunmuş Azərbaycan torpaqlarını, Qarabağımızı böyük bir şücaətlə düşməndən azad etdi. Ordumuz Azərbaycanın zəfər tarixini xalqımızın yaddaşına şanlı hərflərlə yazdı. Müharibə heç vaxt itkisiz, şəhidsiz olmur. İgid Azərbaycan oğulları Vətən uğrunda canlarını qurban verdi, şəhidlik zirvəsinə ucaldı.

Vətən müharibəsində həlak olmuş bütün şəhidlərimizin qarşısında baş əyirəm. Onların hər birinə Allahdan rəhmət diləyirəm. Şəhidlərimizin uzun illər boyunca Xocalıda narahat gəzən ruhları artıq şaddır. Buna baxmayaraq Azərbaycan xalqı informasiya müharibəsini davam etdirir. Dünyanı bu məsələyə cəlb etməyə, Xocalı soyqırımını tanıtmağa davam edir. Bu tək Azərbaycan xalqının haqqı deyil, həm də sülhsevər bəşəriyyətin haqqıdır. Məqsədimiz odur ki, yer üzündə bir daha Xocalı soyqırımı kimi dəhşətli qətliamlar olmasın. Vətəndaşları, insanları milli, dini mənsubiyyətinə, irqlərinə görə qətlə yetirməsinlər. Məhz buna görə də dünyanın Xocalı soyqırımına qiymət verməsi vacibdir. Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi lazımdır.

Çox təəssüflər olsun ki, bəzi dünya ölkələri Xocalı soyqırımına hələ də lal, kar və kor olaraq qalırlar. Azərbaycan dövlətinin qanunları və Prezident İlham Əliyevin apardığı siyasət, onun qəbul etdiyi qərarlar bizim üçün ən ali olanıdır. Düşünürəm ki, Xocalıda dinc əhalinin qırğınına səbəb olmuş, bu əməllərin törədilməsində iştirak etmiş, eləcə də onlarla əlbir olan, onlara kömək və havadarlıq edənlərin hər biri fərdi qaydada ədalət məhkəməsinə çıxarılacaqlar.

Diaspora