İkinci Qarabağ müharibəsindəki qələbəmizdə həlledici rol oynayan Şuşa döyüşləri Ermənistan ordusu üçün əsl dərs oldu. Azərbaycan hərbçilərinin hansı taktikayla Şuşanı işğaldan azad etməsi dünya hərb dərsliklərində öyrənilir.
Müharibədən 2 il keçməsinə baxmayaraq hələ də erməni mediası Şuşada məhv edilən hərbçilərlə bağlı yeni-yeni məlumatlar dərc edir, məğlubiyyətin onlara baha başa gəldiyini yazırlar.
Bu gün 44 günlük müharibədə öldürülmüş hərbçilərdən biri barədə dərc edilmiş yazıda bir sıra maraqlı məqamlar yer alıb.
Qeyd edilir ki, Azərbaycanaın Qırmızı Bazar və Şuşanın azadlığı uğrunda gedən ağır döyüşlər zamanı öldürülmüş əsgərlərdən biri də 19 yaşlı Henrik Eloyan olub. Eloyanın anası oğlu ilə sonuncu dəfə 28 oktyabr 2020-ci ildə danışıb, ondan sonra əsgərdən xəbər çıxmayıb. Qəhrəman hərbçilərimiz onu məhv ediblər.
- Henrik Abovyan rayonunda anadan olub və 2 iyul 2019-cu ildə orduya çağırılıb. Henrik Cəbrayılda xidmət edirmiş. 44 günlük müharibədə də ilk olaraq Cəbrayılda döyüşlərə cəlb edilib. Anası deyir ki, müharibənin ilk günü ona zəng vuraraq ağlayaraq yalnız bir cümlə- “Bu əsl müharibədir, bizim oğlanlarımız...” deyib. Ana dərhal Henrikə geri zəng vurub, lakin cavab verən olmayıb. O, oktyabrın 2-dək sağ qalıb daha sonra isə bölüklə birgə üç gün mühasirəyə düşüb. Bir neçə gün yalnız narla dolanıblar. Oktyabrın 7-də isə yaralanaraq Zəngəzurun Xndzoresk kənd xəstəxanasına aparılıb. Yarası onurğa sütunundan olubmuş,-məqalədə yazılıb.
Müəllif hərbçilərimizin uğurlu əməliyyatla mühasirəyə salaraq məhv etdiyi erməni bölüyündən təsadüfən sağ qalan Henrikin oktyabrın 26-da yenidən Azərbaycan torpaqlarında gedən döyüşlərə göndərildiyini yazıb.
- Onu tam sağalmamış Şuşaya qaytarıblar. Burada iki gün qaldıqdan sonra Qırmızı Bazara gətirilib. O, telefonla çox danışmaq istəmirdi və bəzən tapmacalarla danışırmış. Atası ən çox sevdiyi mahnının hansı olduğunu soruşduqda o, “Şuşanı heç kimə vermərik” deyib. Bu tapmacadan bildik ki, Şuşadadır. Oktyabrın 28-də də danışdıq. Bacısı dedi ki, “Sənin toyunu Bakıda edəcəyik”. Bir neçə saat sonra isə onun da içində olduğu maşın partladı, – Haykın anası sayta açıqlamasında deyib.
Məqalədə həmçinin qeyd edilib ki, işğalçı ordunun əsgəri tanınmaz halda olubmuş. Valideynləri onun haqqında əlavə informasiyalar almaq üçün Ermənistan Müdafiə Nazirliyinə müraciət ediblər və Henrikin cəsədinin yalnız noyabrın 22-də Qırmızı Bazarda tapılması barədə məlumat alıblar. Cəsədin Henrikə aid olması dekabrın 31-də DNT cavabı ilə müəyyən edilib.(AzVision.az)