Son günlərdə Qarabağda separatçıların təxribatları çoxalıb. Gah mövcud olmayan “parlament”də uydurma “işğal haqqında qanun” “müzakirəyə” çıxarılır, gah “təlimlər” keçirilir, gah separatçılar guya “əhalinin mümkün təxribatlardan mühafizəsi” üçün çalışdıqları görüntüsü yaradırlar. Bütün bu “təhdidlər”in mövcud olması barədə və “əhalinin hazırlanması” ilə bağlı avantüralar erməni təbliğatına xidmət edir.
Musavat.com xəbər verir ki, ATƏT Minsk qrupunun amerikalı sabiq həmsədri Riçard Hoqland Trend-ə açıqlamasında digər suveren dövlətin ərazisində “təlimlər”in planlaşdırılmasının nəinki təxribat, həm də qanunsuz fəaliyyət olduğunu bildirib.
“Amma Bakı ilə İrəvan arasında danışıqlar üçün hələ kifayət qədər vaxt var. Rusiya və ATƏT Minsk qrupu da öz rolunu oynaya bilər”, - deyə o bildirib.
Amerikalı ekspert Piter Teysin sözlərinə görə isə, erməni separatçıların Qarabağda, Azərbaycanın suveren ərazisində planlaşdırdığı “hərbi təlimlər” Avropa təhlükəsizliyinə ciddi təhdiddir və Cənubi Qafqaz regionunun iqtisadi inkişafına birbaşa təsir göstərir.
“Rusiya artıq konkret tədbirlər görməli və Qarabağda “hərbi manevrlər”in keçirilməsinə yol verməməlidir. Rusiya Qarabağa silah tədarükünün azaldılması ilə bağlı qəti tədbirlər görməlidir. “Hərbi təlimlər”ə diqqətin yönəldilməsi bir daha onu göstərir ki, Ermənistan müharibəni qızışdıran dövlətdir və o faktı da üzə çıxarır ki, İrəvan qonşu ölkələrlə münasibətdə şovinist siyasət yürüdür. Avropa İttifaqı və beynəlxalq təşkilatlar fəaliyyətə keçməli və Azərbaycan mədəniyyətinin tarixi mərkəzi olan Qarabağ regionundakı erməni faşistlərinə qarşı sanksiyalar tətbiq etməlidir”, - P.Teys deyib.
Hadisələrin bu gedişatı yalnız iki tərəfə zərər vura bilər: Ermənistana və Rusiyanın sülhməramlı missiyasına. Xaosda batıb qalmış Ermənistan bu cür avantüralarla özünü daha da çıxılmaz vəziyyətə salır. Ermənistan üçün yeganə çıxış yolu 10 noyabr üçtərəfli bəyanatının müddəalarını icra etməkdir.