Ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən biri də Kəlbəcər rayonunda Tunel adlanan ərazidə 1993-cü il martın 31-də baş verib. Rayon ərazisini işğal edərkən Tunelin qarşısında pusqu quran erməni faşistləri həmin gün buradan keçərək təhlükəsiz yerə getməyə çalışan dinc azərbaycanlıları qətlə yetiriblər. Sağ qalanlar girov götürülüb, uzun müddət dəhşətli işgəncələr görüblər. Tuneldə qətliam törədən faşist dəstəsinə məşhur terrorçu, sonralar Ağdam rayonu ərazisində öldürülən “Avo” ləqəbli Monte Melkonyan başçılıq edib.
Azərbaycanda ən uzun məsafəsi olan sözügedən Tərtər-Kəlbəcər yolunun cənubunda, Laçın-Kəlbəcər yolunun üstündə yerləşən tunel Kəlbəcərin 35 kəndini rayon mərkəzi ilə birləşdirirdi. İşıqlandırılmayan və eni yalnız bir avtomobilin hərəkətinə imkan verən tunelin uzunluğu təxminən 2 kilometrdir.
31 mart 1993-cü ildə, Kəlbəcər rayonunun işğalı ərəfəsində bütöv bir nəsli təşkil edən bir neçə ailə maşınlarla doğma yurdlarını məcburi şəkildə tərk edərkən bu tuneldə ermənilər tərəfindən atəşə tutulmuşdular. Maşında olan dinc sakinlərin bir neçə nəfəri yerindəcə güllələnərək meyitləri yandırılmış, sağ qalan 60-a yaxın şəxs isə girov götürülmüşdü. Həmin insanların bir neçəsinin taleyi bu gün də məlum deyil. Girov götürülənlərin arasında qadın və uşaqlar da var. Ermənilər güllələdikləri dinc sakinləri yük avtomobilinə yığaraq maşınla birlikdə yandırmışdılar. Həlak olan və yandırılan insanların demək olar ki, yarısı qadınlar və uşaqlar idi.
Əslən Kəlbəcərdən olan və 1993-cü ildə rayon ermənilər tərəfindən işğal olunan zaman doğulub-böyüdüyü Çobangərəhməz kəndini tərk etmək məcburiyyətində qalan Əli Zeynalov Publika.az-a Tunel qətliamının necə törədildiyindən danışıb.
Müsahibimizin yaxınlarının çoxu həmin qətliamda öldürülüb, bir çoxundan isə hələ də xəbər yoxdur.
Ə.Zeynalov deyib ki, itkin düşənlərin yaxınları gözləri yolda dərd çəkərək dünyalarını dəyişdilər:
“Birinci Qarabağ müharibəsində Kəlbəcərdə böyük faciələrlə qarşılaşmışıq. Tunel adlanan ərazidə 3 maşın vuruldu. Onlardan biri bizim də ailənin içərisində olduğu maşın idi. Orada ilk Laçından gələn ailəni qətlə yetirmişdilər. Bizim maşında 27 nəfər var idi. Əmimoğlu maşını idarə edirdi, orada 3 əmimoğlu, əmim qızları, bacım, bacım oğlu, bacımın qayınanası və digər qohumlarımız var idi. Qardaşım və bacımın yoldaşı da həmin maşında idi. Yoldan da 2 hərbçini maşına götürmüşdülər. Maşın tunelə çatanda ermənilər atəş açıb. Buna görə də avtomobili məcbur dayandırmalı olublar. Bu zaman qardaşım Zeynalov Ehtiram və əmim qızının yoldaşı özlərini yerə atıblar ki, maşını özləri idarə etsinlər. Ancaq atışmadan başlarını qaldıra bilməyiblər, qardaşım orada ermənilər tərəfindən vurulan “QAZ-53” markalı maşının altında gizlənir. Həmin yerdə görür ki, bütün insanları öldürüblər. Yaralı 1 nəfər olur, onun yanına gedəndə yaralı şəxsin qanı qardaşımın şalvarına düşmüşdü. Ehtiram hələ də o qanlı geyimini saxlayır. Ermənilər maşında olan 2 hərbçini yerindəcə güllələyirlər. Sonra isə qumbaraatanla maşını vururlar, yanğın başlayır. Görürlər ki, orada ancaq mülki insandır və qızıl, qiymətli əşyalar var, yanğını söndürməyə çalışırlar. Ancaq insanların çoxu yanmışdı. Daha sonra isə guya “yanan maşını söndürdük və yaralıları xəstəxanaya aparacağıq” adı altında həm hadisəni başqa istiqamətə yönəltmək istəyirlər, həm də sağ qalan şahidləri əsir götürmək niyyətində olurlar. Elə də olur. Sağ qalanlar xəstəxanaya yox, ermənilərin əsir düşərgələrinə götürülür və onlardan hələ də xəbər yoxdur. Şahidlərin dediyinə görə, maşın Xankəndiyə aparılıb, orada onu görən olub”.
Ermənilər Ehtirama atəş açmağa başlayırlar, ancaq o çalışır ki, tuneldən çıxıb özünü çaya atsın. Düşmən tərəfindən aramsız atəşlərə baxmayaraq, güllə yağışı altında Ehtiram tuneldən keçir və çaya düşür. Ancaq yenə də atəş davam edir. Çünki onlar istəmirdilər ki, qətliam törətdikləri yerdən kimsə sağ çıxsın. Həm də bu məkrli planın aşkara çıxmasından ehtiyat edirdilər: “Həmin vaxt çay çox güclü axırmış, Ehtiram oranı çətinliklə də olsa, keçə bilir və əsas yola çıxır. Həmin yoldan tunelə doğru hərəkət edən Kəlbəcər və Laçından gələn maşınların qarşısını kəsir və ermənilərin tuneldə qətliam törətməsini danışır. Tunelə doğru hərəkət edən 40 nəfər hərbçinin önünü kəsir və onlara tuneldə qətliam törədildiyini deyir. Hərbçilər də qardaşımı ayaqyalın və üst-başı islanmış görüb corab verirlər. Çünki Ehtiram çayı keçəndə ayaqqabıları düşmüşdü, ayaqyalın formada soyuq havada insanlara xəbəri çatdırmaq üçün qaçır. Ehtiram orada bütün əhaliyə hay salır, onların yolunu kəsir ki, heç kəs bu yolla getməsin, yoxsa ermənilər hamını öldürəcəklər. Ancaq qardaşıma inanmırlar, elə bilirlər ki, başına hava gəlib. Lakin orada Ehtiramı tanıyan olur və onun dediklərinə inanırlar. Qardaşım tunelə doğru hərəkət edən bütün maşınların qarşısını kəsir, hər kəsə xəbər çatdırırlar. Əgər Ehtiram olmasaydı, minlərlə soydaşımız erməni qətliamının qurbanı olacaqdı. Çünki heç kəsin ağlına gəlməzdi ki, ermənilər tuneldə pusqu qurub orada qətliam törədərlər. Bizim maşından sonra da kəndimizin icra nümayəndəsi Əfqan müəllimgilin UAZ markalı maşını tunelə doğru hərəkət edirmiş. Onların da avtomobilini vurublar və onların ailəsini də ermənilər öldürmüşdü.
Zeynalovlardan da gələn olmayıb. Qohumlarımızın çoxundan xəbər yoxdur, Laçından olan qohumlarımızdan gələnlər oldu. Amma itkin düşən yaxınlarımızın sayı çoxdur. Dedilər ki, bir qızı saçından asıb yerindəcə güllələyiblər. Hamımızın fikri bu oldu ki, həmin güllələnən qadın mənim bacım olub. Düşünürdük ki, həmin maşında olan qadınlardan ən güclüsü, qorxmazı məhz bacım idi, onun ürəyi tab gətirməyib və ermənilərə müqavimət göstərib, onlar da onu güllələyiblər. Bacım oğlunun 6, əmimin kiçik uşağının isə 7 yaşı var idi. Sonra dedilər ki, həmin uşaqlar sağdır, ermənilər götürüb”.
Tunel qətliamından sonra müsahibimizin eyni soyadı daşıyan itkin düşən yaxınlarının siyahısı:
Zeynalov Hafiz Davud oğlu - 1984-cü ildə doğulub
Zeynalova Təranə Davud qızı - 1965-ci ildə doğulub
Zeynalova Röya Abbasəli qızı - 1959-cu ildə doğulub
Zeynalova Qədəmkar Salman qızı - 1936-cı ildə doğulub
Tunel qətliamından sonra itkin düşən digər şəxslər:
Alışova Vəsilə Cəfər qızı - 1976-cı ildə doğulub
Alışova Qumru Qəmbər qızı - 1973-cü ildə doğulub
Alışova Cahan Məşədi qızı - 1937-ci ildə doğulub
Cəmilova Məsmə Hidayət qızı - 1969-cu ildə doğulub
Əliyev Tural Nadir oğlu - 1982-ci ildə doğulub
Əliyeva Qənirə Zülfüqar qızı - 1975-ci ildə doğulub
Əliyeva Nüşabə Məhəmməd qızı - 1950-ci ildə doğulub
Quliyev Məzahir Qara oğlu - 1983-cü ildə doğulub
Quliyev Yaşar Qara oğlu - 1981-ci ildə doğulub
Quliyeva Aygün Qara qızı - 1990-cı ildə doğulub