Fevralın 16-18-də 20 ölkədən 30-dan çox dünya şöhrətli beynəlxalq səyahətçinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
“Report”un əməkdaşı xəbər verir ki, səfər Yer kürəsini müvafiq parametrlər əsasında 1301 regiona bölərək bu sahədə səyyahlar üçün beynəlxalq standartları müəyyən edən dünya miqyaslı “NomadMania” klubunun təşkilatçılığı ilə baş tutur. ABŞ, Böyük Britaniya, Almaniya, Niderland, Danimarka, Avstriya, İtaliya, İspaniya, Portuqaliya, Polşa, Macarıstan, Bosniya və Herseqovina, Serbiya, Slovakiya, Ukrayna, Türkiyə, Tailand, Küveyt, Əlcəzair, Avstraliyanı təmsil edən səyyahların səfəri Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan başlayır.
Şuşa ilə yaxından tanışlıqdan sonra bu gün beynəlxalq səyahətçilər Ağdamda olacaq.
Tanınmış fotoqraf Reza Deqati Ağdamın dünəni və bu günü ilə bağlı səyyahlar qarşısında sərgi ilə çıxış edəcək. İndi işğaldan azad edilmiş digər yerlər kimi, Ağdama da həyat yenidən qayıdır, bərpa və quruculuq işləri sürətlə davam etdirilir.
Beynəlxalq səyahətçilər Qarabağdan sonra Şərqi Zəngəzura səfər edəcək, törədilmiş urbisidi gözləri ilə görəcək, Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərlə yerində tanış olacaq. Dünya səyyahları fevralın 18-də səfər qeydlərini Bakıda mətbuat konfransı keçirərək ictimaiyyətlə bölüşəcəklər.
Heyətə “NomadMania” klubunun yaradıcısı və rəhbəri, 1301 dünya regionundan 1252-sində olaraq dünya rekordçusu olan Harry Mitsidis rəhbərlik edir.
Xatırladaq ki, beynəlxalq səyahət klublarının (ETIC - Extremal Travellers International Congress, MTP – “Most Traveller People”, TCC – “Travelers' Century Club”, “NomadMania”) rəhbərləri bir qrup səyyahla birgə ilk dəfə 2021-ci il sentyabrın 27-də azad edilmiş ərazilərə səfər etmişdilər. 11 ölkədən olan heyət həmin vaxt kommersiya təyinatlı sınaq uçuşu ilə ilk dəfə Füzuli Beynəlxalq Hava Limanına enmiş, azad edilmiş ərazilərdə olmuş və dağıntılara, quruculuq işlərinə şahidlik etmişdilər.
Bu dəfə isə həm səyyahların təmsil olunduğu ölkələrin coğrafiyası 2 dəfə böyüyüb.
Dünya şöhrətli beynəlxalq səyahətçilərin 2020-ci ildə ağır döyüşlərin getdiyi, indi isə bərpa və quruculuq dövrünü yaşayan işğaldan azad edilmiş ərazilərə bu səfəri həm də tarixi Zəfərin daha bir nəticəsi kimi rəmzi məna daşıyır. Bu, bir tərəfdən Azərbaycanın iqtisadi qüdrətini, qısa müddətdə nümayiş etdirdiyi böyük quruculuq potensialını, digər tərəfdən dünyanın biznes və turizm elitasının Qarabağa, Şərqi Zəngəzura, o cümlədən Zəngəzur dəhlizinə getdikcə artan marağını ifadə edir.
11:10
Dünyanın 21 ölkəsindən olan tanınmış səyahətçilərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.
“Report” xəbər verir ki, üçgünlük səfər çərçivəsində onlar Füzuli-Şuşa-Ağdam-Kəlbəcər-Laçın dəhlizi-Qubadlı-Zəngilan marşrutu üzrə işğaldan azad olunmuş ərazilərə səfər edəcəklər.
Səfər zamanı xarici səyahətçilər bu ərazilərdə yerləşən tarixi və mədəni abidələrlə tanış olacaq, həmçinin ermənilərin işğalı dövründə törədilmiş dağıntıları gözləri ilə görəcəklər.