Erməni separatçıların hərbi təlim təxribatı - Sülhməramlılar hara baxır? - TƏHLİL

Erməni separatçıların hərbi təlim təxribatı - Sülhməramlılar hara baxır? - TƏHLİL backend

Son günlər Qarabağda separatçıların təxribatları artmaqdadır. Gah hansısa qondarma "işğal haqqında qanun" olmayan parlamentin müzakirəsinə çıxarılır, gah təlim keçirilir, gah da öz aləmlərində əhalini baş verə biləcək hansısa "təxribatlar"dan qorumağa çalışdıqları görüntüsünü yaratmağa çalışırlar.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Trend-ə açıqlamasında bildirib ki, bu təxribatlar sülhə təhdidlər yaradır.

“Hansı təlimdən söhbət gedir və ya kimə qarşı keçirilir bu təlimlər. Məqsəd nədir? Separatçılar yenidən müharibəyə hazırlaşırlarmı? 44 günlük müharibə onlara yaxşı düşünmək üçün yetərli olmadımı?

Guya hansısa təhlükənin olması və əhalinin buna hazırlanması yalnız və yalnız avantüradır və erməni propaqandasına xidmət edir. Azərbaycan dəfələrlə bu barədə mövqeyini ifadə edib. Azərbaycan bölgəyə sülhün gəlməsini istəyir. Əgər Ermənistan müharibə istəyirsə, Azərbaycan buna hər an hazırdır”, - deyə deputat qeyd edib.

O bildirib ki, ermənilər bu təxribatların hansı nəticələrə gətirə biləcəyini yaxşı bilirlər.

“44 günlük müharibədə Azərbaycan bunu Ermənistana göstərdi. Dəmir yumruq hər an yerindədir. Ermənilər bunu unutmamalıdırlar.

Cəmiyyəti düşündürən digər bir sual odur ki, bəs Rusiya sülhməramlıları hara baxır, niyə belə təxribatlara yol verirlər, niyə ölçü götürmürlər? Başları yoxsa humanitar aksiyalara qarışıb?

Onların əsas vəzifəsi belə halların baş verməsinin qarşısını almaqdır. Bölgəyə də bu məqsədlə gəliblər. Əgər onlar bu təxribatların qarşısını almaqda acizdirlərsə, Azərbaycan özü təxribatçıları cəzalandırmaq üçün geniş imkanlara malikdir.

Bu təxribatlara mütləq son qoyulmalıdır. Əks halda məsuliyyəti ermənilər daşıyırlar”, - deyə deputat əlavə edib.

Politoloq Ceyhun Əhmədli isə Trend-ə açıqlamasında bildirib ki, Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasında qondarma rejimin "təhlükəsizlik şurasının katibi", əli azərbaycanlıların qanına batmış cinayətkar Vitali Balasanyanın təşəbbüsü ilə keçiriləcək hərbi təlimlər ermənilərin həyasızlığını nümayiş etdirən növbəti faktdır.

“Bu, açıq-aşkar hərbi avantüra və təxribatdır. Sual yaranır ki, bu təlimlər hansı məqsədlə və kimə qarşı keçirilir? Ümumiyyətlə, erməni quldur dəstələrinin Qarabağda nə işi var? Axı 10 noyabr tarixli üçtərəfli bəyanatın 4-cü bəndi Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin qalmasını istisna edir... Və həmin bəndə əsasən, Rusiya sülhməramlı kontingenti erməni hərbçilərinin çıxarılmasına paralel şəkildə Qarabağa yerləşdirilməli idi. Belə olan halda, sülhməramlılar niyə bu təxribata göz yumurlar?”, - deyə politoloq bildirib.

O qeyd edib ki, qondarma rejimin hərbi təlim keçirmək cəhdi regionda onsuzda kövrək olan sülh mühitini ciddi şəkildə zədələyəcək.

“Ümumi gedişat isə yalnız iki tərəfə zərər vura bilər: Ermənistana və Rusiyanın sülhməramlı missiyasına. Onsuzda xaos girdabında çabalayan Ermənistan bu kimi avanturist cəhdlərlə özünü daha da çıxılmaz duruma salacaq. Azərbaycan Prezidentinin sülh çağırışlarına revanşist ruhlu bəyanat və addımlarla cavab verməyə çalışan ermənilər Dəmir Yumruğumuzun yerində olduğunu unutmamalıdır. 44 günlük müharibədən lazımi dərs çıxarılmayana qədər erməni xalqı xoşbəxt və firavan həyata həsrət qalacaq. Bir sözlə, Ermənistan və eməni xalqı üçün hazırkı böhrandan yeganə çıxış yolu 10 noyabr bəyanatının müddəalarını yerinə yetirməkdir.

Görünür, Rusiya sülhməramlı kontingenti öz mandatının çərçivələrini anlamaqda çətinlik çəkir, ya da anlamaq istəmir. Sülhməramlıların əsas missiyası iki xalqın sülh və əminamanlıq içərisində yaşamasını təmin etməkdir. Yerləşdiyi ərazidə yerli icmalardan birinin hərbi təlim keçirməsinə göz yummaq qəti şəkildə sülhməramlı missiyanın mahiyyətinə ziddir. O baxımdan, ermənilərin Qarabağda davam edən hərbi təxribatları elə ilk növbədə Rusiyanın özünün imicini ciddi şəkildə zədələyəcək. Moskva nəhayət anlamalıdır ki, Rusiya sülhməramlılarının Qarabağda gələcək mövcudluğu Azərbaycan tərəfinin mövqeyi ilə şərtlənəcək. Çünki torpağın sahibi və qalib tərəf Azərbaycandır!”, - deyə C.Əhmədli əlavə edib.

Diaspora