Bu günə olan məlumatlara görə Birinci Qarabağ müharibəsi zamanı 3890 Azərbaycan vətəndaşı itkin düşmüş hesab olunur ki, onlardan 71-i uşaq, 267-si qadın, 326-sı yaşlıdır. Onların taleyi barədə hələ də heç nə məlum deyil, lakin doğmaları və yaxınları hələ də nə vaxtsa onları sağ görəcəklərinə ümid bəsləyirlər.
Media.Az atası 28 mart 1993-cü ildə itkin düşmüş Leyla Nağıbəyova-Səttarova ilə mövzu ətrafında danışıb:
- Atam Səttarov Adil Mürşüd oğlu 9 iyul 1967-ci ildə anadan olub. Birinci Qarabağ müharibəsi başlar-başlamaz o, düşünmədən könüllü kimi cəbhəyə yollanmaq üçün hərbi komissarlığa üz tutdu. Həmin vaxt atamın cəmi 25 yaşı var idi.
- Siz həmin vaxt Bakıda yaşayırdınız?
- Bəli, Bakıda yaşayırdıq.
- Yaxınlarınız necə reaksiya verdilər, fikrindən daşındırmağa çalışdılarmı?
- Atam müharibəyə getmək qərarına gəlmişdisə, onu qərarından döndərmək mümkün deyildi. Bunu edə biləcək yeganə şəxs nənə (onun anası) idi, ancaq o da bundan iki ay əvvəl dünyasını dəyişmişdi. O hesab edirdi ki, Vətən qarşısında öz borcunu yerinə yetirməlidir...
- Cəbhəyə nə zaman yollandı?
- 1993-cü ilin martında cəbhəyə çağırıldı. Kəlbəcər rayonunda yerləşən hərbi hissədə xidmət edib.
- Həmin vaxt neçə yaşınız vardı?
- Mənim doğum günümdən dərhal sonra müharibəyə yollandı. Martın 12-də doğum günümü qeyd etdik, həmin vaxt iki yaşım olurdu, bundan sonra bir daha onu görmədim.
- Ailənin tək övladı idiniz?
- Bəli, atamın tək övladı mənəm.
- Atanız ailənizlə əlaqəyə çıxırdı?
- Təəssüf ki, çox qısa müddət. O, ailəsini çox sevirdi, bizə görə narahat olurdu, ancaq Vətən borcu hər şeydən üstün idi. Anama məktub göndərirdi, imkan düşəndə zəng vururdu, o bizim, biz də onun üçün narahat olurduq. Anamla danışanda söz verirdi ki, sağ-salamat qayıdacaq. Ancaq, təəssüf ki, biz bir daha onu görə bilmədik... Anamın atam cəbhəyə gedərkən qızının onunla fəxr etməsini istədiyini dediyini xatırlayıram. Mən atamla çox fəxr edirəm, ancaq həm də onun üçün çox darıxıram.
- Atanızla əlaqə nə zaman tamamilə kəsildi?
- 1993-cü ilin martın 28-dən sonra onun barədə heç nə eşitmədik. Anam yenidən ailə həyatı qurmadı, bütün bu illər ərzində atamın qayıdacağı ümidi ilə yaşadı. Anlayırıq ki, çox güman artıq həyatda yoxdur, ancaq yenə də cüzi də olsa ümidimiz var.
- Bu ilin fevralın 4-də Fransa prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında videoformatda görüş keçirildi. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycana birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş şəxslər barədə informasiyanın təqdim olunması məsələsini qaldırdı, erməni tərəfi isə bu məsələdə əməkdaşlıq barədə öz üzərinə öhdəlik götürdü.
- Buna çox ümid edirəm... 29 ildir atam itkin sayılır. 44 günlük Vətən müharibəsinin başa çatmasından sonra onunla bağlı hər hansı bir məlumatın ortaya çıxacağına ümidimiz yarandı. Buna çox ümid edirəm, çünki itkin düşən təkcə mənim atam deyil, bir çox ailələr 30 ilə yaxındır öz yaxınları barədə heç olmasa hansısa bir informasiya gözləyir.
Yadımdadır, bütün uşaqlığım boyu anam və nənəm müxtəlif dövlət strukturlarına getdilər, müraciətlər yazdılar, heç olmasa nəsə öyrənməyə çalışdılar, ancaq bütün bu cəhdlər nəticəsiz qaldı.
Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, 2022-ci il fevralın 7-də səkkiz erməni əsilli hərbçini Ermənistana təhvil verib. Həmin şəxslərin bəziləri ötən il noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbçilərdir. Öz növbəsində, Ermənistan tərəfi də Azərbaycana birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda dəfn edildiyi ehtimal olunan Azərbaycan vətəndaşları - hərbçi və mülki şəxslər, habelə kütləvi məzarlıqların yeri haqqında məlumat verməlidir.
- Atanızla bağlı yaddaşınızda nələr qalıb? Onu necə xatırlayırsınız?
- Bir ümumi ailəvi foto... Onunla bağlı xatirə kimi qalan təkcə budur. Bəli, hər ötən il onun sağ qayıdacağı ilə bağlı ümidlər azalır. Ancaq ruhumun dərinliklərində görüşəcəyimizə inanıram. Mənim oğlum böyüyür, ümid edirəm ki, həmin gün gəlib çatacaq, mən oğluma babası barədə təkcə danışmayacağam, o, özü də babasını sağ görəcək və ya ən azından bizim onun məzarının üzərinə gül dəstəsi qoymaq imkanımız olacaq...