“Ermənistan rəsmilərinin digər çıxışlarını nəzərə alsaq, onların təklifləri bundan ibarət idi ki, delimitasiya və demarkasiya prosesi, sadəcə texniki prosesdir”.
Bu sözləri Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın ötən günkü çıxışına fikir bildirərkdən deyib. Xatırladaq ki, erməni nazir öz çıxışında qeyd edib ki, rəsmi Bakı İrəvanın təkliflərini qəbul etməyib.
T. Zülfüqarov bunun səbəblərini belə şərh edib: “Sərhəd bu və ya digər şəkildə müəyyənləşir ki, qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenlik təmin olunur, sonra isə delimitasiya və demarkasiya prosesi baş verir. Bu texniki bir işdir.
Amma Ermənistan rəhbərliyi istəyir ki, bu, texniki prosesdə əsas olan “qarşılıqlı ərazi bütövlüyünü tanımaq” məsələsindən imtina etsin və bunu, sadəcə texniki proseslə əvəz etsin. Məqsəd də ondan ibarətdir ki, onlar guya Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, lakin Qarabağı çıxmaq şərtilə. Bunlar hesab edirlər ki, Qarabağ problemi, onun statusu həll olunandan sonra Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıya bilər. Yenə köhnə mövqe, sadəcə olaraq, bir az onu hamarlayıb göstərirlər ki, bizim aramızda problem yoxdur, amma Qarabağ var və Qarabağ münaqişənin tərəfidir. Azərbaycan Qarabağ erməniləri ilə problemi həll edəndən sonra biz də sizin ərazi bütövlüyümüzü tanımağa hazırıq”.
Sabiq nazir onu da vurğulayıb ki, bütün bunlara rəğmən biz öz ərazi bütövlüyümüzü və sərhədimizi bərpa etmişik: “Sülhməramlıların müvəqqəti nəzarəti altında olan bölgə isə, sadəcə olaraq reinteqrasiya prosesi daşıyır və bunun Ermənistana heç bir aidiyyatı yoxdur. Amma Ermənistanın rəsmi bəyan etdiyi siyasət ondan ibarətdir ki, onlar “Miatsum” layihəsini indi təzə şəraitdə davam etdirməyə niyyətlidirlər.
Onlar ərazimizi işğal edib bu ərazilərdə etnik təmziləmə prosesi aparmışdılar. Məğlubiyyətdən sonra isə hazırda digər şəkildə bizim daxili işlərimizə müdaxilə edirlər.
Məsələn, Ermənistanın Baş naziri Nikol Paşinyan bizim ərazimizdə hər hansısa layihələrin maaliyyələşməsi barəsində qərarlar qəbul edir. Bu və ya digər şəkildə qeyri-rəsmi Ermənistan vətəndaşları qondarma “ordu” sıralarına cəlb olunaraq, post-patrul xidmətini aparırlar. Bu müdaxilələri və bizim suverenliyimizə zidd olan addımların sayları həddindən artıq çoxdur. Bu baxımdan Ermənistanın bu şəkildə siyasəti davam etdirməsi və ona aid təkliflər verməsi, təbii ki, Azərbaycan tərəfindən qəbul oluna bilməz”.
T.Zülfüqarov onu da vurğulayıb ki, ermənilər çox yaxşı başa düşür ki, işğalçı siyasətin təzə şəraitdə davamı onlar üçün çox təhlükəli olacaq: “İstər-istəməz, əgər onlar bizim sərhədimizi və ərazi bütövlüyümüzü tanımadıqları halda təbii ki, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü və suverenliyini tanımaq məcburiyyətində deyil və tarixi ədaləti bərpa etmək barəsində məsələni qaldırmaq üçün tam əsaslı qərar verə bilərik.
Onu da qeyd edim ki, həmin bu delimitasiya və demarkasiya prosesinin onların tərəfindən başlanılması niyyəti bir məqsəd də güdür. Onlar istəyirlər ki, SSRİ vaxtında onlarda olan sərhədləri öz tərəfindən təsbit etsinlər, lakin bizim tərəfdə olan hissəni tanımaq istəmirlər. Yəni bir tərəfli oyun oynamaq niyyətindədirlər. Onların planları, sadəcə bundan ibarətdir. İndi mən bilmirəm o sənədlərdə nə var, bu barədə demək çətindir, amma onların niyyəti mütəxəssislər üçün, artıq çoxdan bəllidir”. (yenisabah.az)