“Əgər bu gün Rusiyanın dövlət rəhbərləri Xankəndini “Stepanakert” adlandırırsa...”
44 günlük müharibədə aldığı sarsıdıcı zərbələr səbəbindən ordusunun yarandığı günü belə, normal şəkildə qeyd edə bilməyən Ermənistan elə ordu günündə növbəti dəfə Azərbaycana qarşı təxribata əl atdı. Belə ki, Azərbaycanın Tovuz rayonu istiqamətində silahlar işə salındı, mövqelərimiz atəşə tutuldu.
Qarabağdakı sülhməramlıların fəaliyyətsizliyi fonunda vaxtaşırı bu bölgədə də təxribatlar törədilir. Ancaq sərhəd təxribatlarının artması yenidən bir ehtimalı gündəmə gətirir: olmaya KTMT-yə sədrlik edən Paşinyanın məqsədi “Rus NATO-su”nu sərhədə yerləşdirməkdir? Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a geniş müsahibəsində bir sıra maraqlı məqamlara diqqət çəkdi.
- Cənab polkovnik, Ermənistan yenə də sərhəd təxribatalarına başlayıb. Bu dəfə də Tovuzda atəşkəsi pozdular. Ermənilərin məqsəd-məramı nədən ibarətdir?
- Nə qədər ki, biz sərhədlərin delimitasiya-demarkasiya məsələsini həll etməyəcəyik, nə qədər ki, sülh müqaviləsi imzalanmayacaq, belə təxribatlar olacaq. Əgər sadaladığım addımlar müharibə başa çatandan sonrakı 1 il 3 ay ərzində də atılmırsa, demək təxribatlar üçün yer saxlanılır. Bu təxribatlarda həm Ermənistanın içərisində olan maraqlı qüvvələr var, həm xaricdə. Eyni zamanda region ətrafında cərəyan edən digər proseslərlə də bağlıdır. Bütün bunlar prinsipcə onu göstərir ki, düzdür, biz müharibəni qələbə ilə başa çatdırmışıq, ərazi bütövlüyümüzü bərpa etmişik, ancaq heç kim deyə bilməz ki, təxribatlardan, atəşkəsin pozulmasından, erməni tərəfin düşmənçilik mövqeyindən sığortalanmışıq. Ona görə də düşünürəm ki, bu proseslər müəyyən bir şəkildə geosiyasi arenada cərəyan edən proseslərlə də bağlı ola bilər.
Məsələn, sual olunur, nə qədər zaman keçib, amma hələ də sərhədi müəyyənləşdirə, sərhəd razılaşmalarını Ermənistanla apara bilmirik, niyə? Bu, ondan xəbər verir ki, deməli, orda prosesə mane olan qüvvələr yetərli qədər güclüdür. Əgər o qüvvələr yetərli qədər güclüdürsə, deməli, burada gərginlik mərkəzlərinin mövcudluğu üçün şərait yaradılır. Təbii ki, burda da müəyyən qüvvələrin maraqları var. Ermənistanda sadə insanlardan tutmuş, digərlərinə qədər hamı bilir ki, sülh müqaviləsi bu ölkənin özünün də dirçəlməsinə, xalqın rifahına, erməniləri yaranmış çətin vəziyyətdən çıxartmağa xidmət edir. Bu zaman Türkiyə ilə də sərhədlər açıla, digər layihələr sürətlə işə salına bilər. Ancaq yenə də sülh sazişi imzalanmayıb. Proseslərin çox çətinliklə getməsi onu göstərir ki, istər Tovuz istiqamətində, istər digər istiqamətlərdə gərginlik olacaq. Kəlbəcər və digər istəqamətlərdə, dağlıq ərazilərdə nisbi sakitliyin yaranması müəyyən dərəcədə qarlı hava ilə bağlıdır.
Bilirik ki, əsas gərginlik mərkəzləri Kəlbəcər və Tovuz istiqamətləridir. Son zamanlar Tovuz istiqamətində mütəmadi qaydada atəşkəs pozulur. Kəlbəcərdə qızıl mədənləri var və ərazi məsələləri ilə bağlı amillər var. Tovuz tərəf isə strateji əhəmiyyətli istiqamətdir. Mən bunu dəfələrlə demişəm, müharibədə qələbə çalmışıqsa, bu, o demək deyil ki, bizə atəş açılmayacaq, tam şəkildə sülhə nail olacağıq. Ermənistan tərəfi və ya onun havadarlarının Azərbaycan sərhədində tez-tez atəşkəsi pozması və sərhəd təxribatlarına əl atılmasında məqsəd ondan ibarətdir ki, yenə də buraya həm KTMT-nin, həm də Rusiyanın bu məsələyə dolayısı yolla da olsa, diqqətini cəlb etsinlər. Digər məqsəd silahlanma ilə bağlıdır. Onlar demirlər ki, atəşkəsi biz pozuruq, deyirlər ki, Azərbaycan bizi atəşə tutur. Bu fonda da dilənmək, silahlanmaq istəyirlər. Avropa Birliyi 2 milyard, 600 milyon avro vəsait ayırmağı nəzərdə tutur, cənab prezident də bu barədə demişdi. Bu fakt proseslərin nə qədər çətin olacağı haqqında fikir söyləməyə əsas yaradır. Ona görə də vəziyyət o qədər də yaxşı deyil.
- Elə mən bu təxribatlarda KTMT və Rusiya amilinin nə dərəcədə rol oynadığı haqda soruşmaq istəyirdim, bəzi fikirləri bildirdiniz. 44 günlük müharibədə biabırçı məğlubiyyətə uğramış, ordusu darmadağın edilmiş Ermənistan bu cəsarəti hardan alır? Bəlkə elə adını çəkdiyiniz qüvvələr onu bu təxribatlara sövq edir, razılaşırsınızmı?
- Təbii. Düzdür, biz etikaya əməl edərək fikirlərimizi söyləməyə çalışırıq, ancaq əgər Rusiya sülhməramlılarının olduğu Azərbaycan ərazisində silahlı erməni varsa, bu, artıq Rusiyanın mövqeyi deməkdir. Azərbaycan ərazisində bir il 3 aydır mövcud olan sülhməramlı qüvvələr çox yaxşı bilir ki, Azərbaycan heç vaxt onların təsir dairəsində olan əraziyə doğru silahlı hücum həyata keçirməyəcək. Bunu çox yaxşı başa düşürlər. Amma bunu bilə-bilə yenə orda ağır silahlar da var, silahlı ermənilər də. Əgər bu erməni orda varsa, deməli, Rusiyanın regionda Azərbaycana qarşı mövqeyi səmimi deyil. Bu təxribatları - artıq biz bunu görürük - azad olunmuş ərazilərdə yerləşən Rusiya sülhməramlı qüvvələrin müəyyən bir fəaliyyəti, yaxud fəaliyyətsizliyi ilə qiymətləndirmək olar.
Digər tərəfdən, biz hamımız bilirik ki, Ermənistanın özünün sərhədinə zəmanət Rusiya tərəfdən gəlir. Zəmanət Rusiya tərəfində olduğu üçün bu ölkə Ermənistandakı bütün proseslərə nəzarət edir. Rusiya istəsə, erməni tərəfi Azərbaycan tərəfə bir dəfə də atəş açmaz, bu, hamıya aydındır. Əgər atəş açılırsa, deməli, Rusiyada da bu məsələdə maraqlı olan qüvvələr var. Demirəm ki, dövlət səviyyəsində. Amma Rusiyada da Azərbaycanla Ermənistan arasındakı gərginliyin saxlanmasında maraqlı olan qüvvələr mövcuddur. O maraqlı qüvvələr gələcəkdə öz çirkin məqsədlərini müəyyən şəkildə həyata keçirmək üçün ola bilsin ki, bir platforma saxlayırlar.
- Rusiya Müdafiə Nazirliyinin saytında yer alan məlumatlarda da Azərbaycana qarşı hörmətsizliyi müşahidə edirik. “Dağlıq Qarabağ”, “Stepanakert”, “Martuni”, “Mardakert” kimi ifadələrin rəsmi məlumatlarda yer almasını nəzərdə tuturam...
- Mən sizinlə tam razıyam. Azərbaycan dövlətinin ərazi bütövlüyünü Rusiya da tanıyır. Düz deyirsiniz, əgər bu gün Rusiyanın dövlət rəhbərləri dilinə Xankəndi sözünü gətirmirsə və bu şəhəri “Stepanakert” adlandırırlarsa, həmçinin digər adlarımızla eyni mövqedən çıxış edirlərsə, demək, çox ziddiyyətli, hörmətsiz yanaşma sərgiləməklə düzgün olmayan mövqe sərgiləyirlər. Düzdür, Rusiya bizə dost, qonşu dövlətdir, strateji maraqlarımız var. Ancaq bizim Rusiyaya qarşı olan hörmətin qarşılığında bu ölkə Azərbaycana qarşı hörmətsizlik edir. Rusiyada Qarabağla bağlı olan bütün xəritələr, bütün məlumatlar hələ də Azərbaycanın səsləndirdiyi kimi yox, ermənilərin səsləndirdiyi kimi əks olunur.
“Biz bilirik ki, kiminlə üz-üzəyik və orda təsir düymələri kimin əlindədir” |
- Necə bilirsiniz, bu məsələlərdə korrekt davranılması üçün rəsmi müraciət olmalıdırmı?
- Bu gün geosiyasi məsələlərlə bağlı dünyada o qədər qarışıq proseslər gedir ki... Odur ki, mənə elə gəlir bu məsələlərlə bağlı bir az zamana ehtiyac var. Azərbaycan o regionda siyasətini davam etdirməlidir, Zəngəzur məsələsi həll olunmalıdır. Düzdür, artıq ermənilər delimitasiya-demarkasiya məsələlərini həyata keçirməyə çalışırlar və buna hazırdırlar. Bundan sonra qardaş Türkiyənin Ermənistanla sərhədlərini açmağa hazır olması, 3 il ərzində Zəngəzurda avtomobil yolunun da çəkilməsinin nəzərdə tutulması məsələsi var. Bu istiqamətdə işlərə başlayanda digər məsələləri də qaldırmaq olar.
- Rusiya sülhməramlılarının təsir zonasındakı ərazilərdə erməni separatçıları “müstəqil” şəkildə su xətləri çəkir, evlər tikir, özlərini Azərbaycandan tamam ayrı hiss etməklə və getdikcə bununla bağlı narahatlıq artır. Rusiyanın bu kimi fəaliyyətləri stimullaşdırmaqda məqsədi nədir?
- Bu evlərin tikilməsinin siyasətə heç bir aidiyyəti yoxdur. İnsanlar yaşayırsa, su da çəkilməli, ev də tikilməlidir. Həm də nə çəkilirsə, nə tikilirsə, Azərbaycan ərazisində olur. Əgər gələcəkdə doğrudan da biz siyasi cəhətdən bütün məsələləri planlaşdırdığımız, niyyət etdiyimiz kimi yerinə yetirə bilsək və Rusiya sülhməramlı qüvvələri ordan çəkilsə, əlbəttə, onlar hamısı Azərbaycanda qalacaq. Ona görə də mən bundan narahat deyiləm. Amma geosiyasi proseslərin bu regiondan yan keçməyəcəyi haqqında düşünürəm.
- Ermənilər özləri də etiraf edirlər ki, Azərbaycan ərazilərində Ermənistandan göndərilmiş hərbçilər var və onlar azı iyun ayınadək burada qalacaqlar. Qarabağdakı erməni silahlılarının dərhal çıxarılması haqda Rusiya sülhməramlıları qarşısında tələb qoymaq olmazmı?
- Biz çox tələbləri qoya bilərik. Nəinki bu gün, həmin tələbi dünən də qoyurduq. Amma bilirsiniz ki, hər şey biz istədiyimiz kimi deyil. Biz bilirik ki, kiminlə üz-üzəyik və orda təsir düymələri kimin əlinin altındadır. Təsir rıçaqları Rusiyadadır. Ona görə də Rusiya açıq-aydın deyir ki, bu regionda heç nə Rusiyasız keçinə bilməz.
- Yəni hətta 5 ilin sonunda da çıxıb getmək istəmirlər, eləmi?
- Heç kim deyə bilməz 3 ildən sonra nə olacaq, dünyada hansı proseslər baş verəcək. Hər halda düşünürəm ki, Rusiyada da bu istiqamətdə müəyyən dəyişikliklər gözlənilir...
“Yeni Müsavat”