“Siyasi və hərbi rəhbərlik Seyfəli birliyini o vaxt bizə məlum olayan səbəblərdən parçalayıb taborları müxtəlif istiqamətlərə göndərdi...”
“1992-ci ilin oktyabrın sonlarından başlayaraq Gəncə yaxınlığındakı Seyfəli təlim mərkəzində bir qrup könüllü və çağırışçıya xüsusi hərbi ixtisas üzrə təlim keçirdim. Ümumilikdə 18 tabordan ibarət olan hərbi birliyin təlimlərinə polkovnik Mehman Səlimov rəhbərlik edirdi. Onu deyim ki, Mehman Səlimovu hələ 1990-cı ildən Gəncədəki sovet diviziyasında birgə xidmət etdiyimiz dövrdən vətənpərvər və peşəkar bir hərbçi kimi tanıyırdım”.
Bunu Moderator.az-a açıqlamasında Müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun saytımıza son müsahibələrinə münasibət bildirən, lakin ehtiyatda olsa da, hələ də müdafiəyə aid sahələrdən birində çalışdığından adının açıqlanmasını istəməyən polkovnik-leytenant danışıb.
“Seyfəlidəki bəhs etdiyimiz təlimlərdə bu gün tanınmış hərbçilərimizdən də xeylisi iştirak edib. İHazırda Baş Qərargah rəisi olan general-polkovnik Kərim Vəliyev o zaman birlik komandirinin müavini idi. İndi Müdafiə nazirinin müavinləri olan generallar Nizam Osmanov və Ənvər Əfəndiyev isə tabor komandirləri kimi çalışırdılar. Təlimlərin sonunda – 1992-ci il dekabrın 20-də keçirilmiş təlim baxışında – paradda mən də hərbi qutuların düzülüşünün hazırlanmasında fəal iştirak etdim. O zaman Rusiyanın hələ Gəncədə qalan hava-desant diviziyasının komandanlığından adını unutduğum generallardan biri də qonaq kimi müşahidə edirdi təlim baxışını. O, təəccüblənib demişdi ki, mən Azərbaycanın qısa müddətdə belə möhtəşəm bir hərbi birlik hazırlaya biləcəyinə inanmırdım...
Onu deyim ki, gözümün qarşısında şəxsən iştirakımla hazırlanmış Seyfəli hərbi birliyi ən seçmə oğullarımızdan formalaşmış və qısa müddətdə yüksək səviyyəli təlim keçmişdi. Biz həmin birliklə genişmiqyaslı hücuma keçərək Xocalı soyqırımının ildönümündə bu şəhərimizi və ətraf bütün yüksəklikləri işğalçılardan azad edərək Xankəndinə yol açmalıydıq. O vaxt hələ Kəlbəcər və Laçın rayonunun şimal və cənub hissələri işğal olunmamışdı və oradakı strateji yüksəkliklər də, Ağdərə də bizdə idi. Odur ki, Xocalı alındıqdan sonra sonra Əsgəran və Xankəndindəki erməni hərbi birləşmələri özləri qaçacaqdı. Və bununla da Qarabağ məsələsi bitəcəkdi. Bir peşəkar hərbçi kimi deyirəm, real olaraq bunu etməyə gücümüz var idi. Əfsus ki, daxili və xarici düşmənlərimizin təxribatları buna imkan vermədi. Siyasi və hərbi rəhbərlik Seyfəli birliyini o vaxt bizə məlum olayan səbəblərdən parçalayıb taborları müxtəlif istiqamətlərə göndərdi”- deyə polkovnik leytenant bildirib.