“Ağdam rayonu üzrə ümumilikdə 780 hektar ərazi təmizlənib, 1800 ədəd partlamamış hərbi sursat aşkarlanıb”.
APA-nın məlumatına görə, bunu işğaldan azad olunan ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı brifinqdə ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.
S. Poladov bildirib ki, Bərdə-Ağdam dəmir və Bərdə-Ağdam avtomobil yolları, Xındırıstan-Ağdam elektrik xətti keçəcək ərazilərin partlamamış hərbi sursatlardan təmizlənməsi işləri artıq yekunlaşıb, Ağdam şəhərinə gedən yol da artıq təmizlənib: “Yolun sağı və solu yaxın məsafədə təhlükəsizdir, təmizlənib. Lakin yollardan daha qırağa çıxılarsa, təhlükəyə məruz qalmaq olar. Ona görə də yalnız dayanacaqlarda gözləmək lazımdır”.
ANAMA İdarə Heyətinin sədr müavini qeyd edib ki, rayon ərazisində daha çox Ermənistan istehsalı olan minalar aşkar olunub: “Təmizləmə əməliyyatları zamanı dəmir su borularının içərisinə yerləşdirilmiş xüsusi formaya salınmış xeyli sayda partlayıcı sursatlar aşkarlanıb. Buna görə də naməlum əşyalara toxunmaq olmaz, toxunulmamalıdır. Ərazidə çoxlu sayda bilbordlar, maarifləndirici materiallar yerləşdirilib, yol kənarında lövhələr quraşdırılıb, orada yer alan tələblərə əməl edilməsi zəruridir”.
S. Poladov nəzərə çatdırıb ki, 1991-ci ildən bu günə kimi Ağdam rayonu ərazisində 51 yaşayış məntəqəsində mina hadisələri baş verib, 24 nəfər həlak olub: “Bu barədə məlumatlar ANAMA-nın informasiya bazasında mövcuddur. Naməlum və şübhə doğuran ərazilərə daxil olmaq olmaz. Ağdam şəhərinin özünə gəldikdə, şəhərdə təmizləmə işləri demək olar ki, tamamlanıb, ümumi təhlükəsizlik təmin olunub. Şəhərdə yollar, çoxlu sayda obyektlər təmizlənib. ANAMA və müvafiq dövlət qurumlarının təlimatlarına riayət etməklə həmin ərazilərdə təhlükəsiz hərəkət etmək olar”.