“Ruslar işlərini yavaş-yavaş görmək istəyir, Qarabağdan ermənilərin çıxmasına mane olurlar"

“Ruslar işlərini yavaş-yavaş görmək istəyir, Qarabağdan ermənilərin çıxmasına mane olurlar" backend

Elçin Şıxlı: “Biz Xankəndi tərəfə gedə bilmirik, amma dünyada nə qədər ata-anasından küsən var, ora gəlib-gedir”

 

Rusiya və ABŞ arasında Moskvanın son tələblərilə bağlı danışıqlar faktiki olaraq nəticəsiz qaldı. Kremlin “qırmızı xətt” hesab etdiyi tələblər rədd olundu. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) adı altında Qazaxıstana soxulan rus ordusu da, bir neçə gündən sonra həmin ölkədən çıxmağa məcbur oldu.

 

Bununla paralel olaraq, Ermənistan-Azərbaycan dövlət sərhədində erməni təxribatı nəticəsində növbəti insident qeydə alındı və hər iki tərəfdən itkilər oldu. Bütün bu hadisələrin əslində, bir-birilə məntiqi baxımdan əlaqəli olmadığına böyük şübhələr var.

 

“AzPolitika.info” bu mövzuları analitik Elçin Şıxlı ilə müzakirə edib:

 

- Sizcə, niyə Kreml KTMT adı altında öz ordusunu Qazaxıstana yeritdi və nədən qısa müddət sonra da oradan çıxarmağa məcbur oldu?

 

- Sözsüz ki, bunun səbəblərini dəqiq demək mümkün deyil, sadəcə təxmin və ehtimallarımızı açıqlaya bilərik. Aydındır ki, Qazaxıstanda narazılıq yetişmişdi. Orada baş verənlər, millətin ayağa qalxaraq etiraz etməsi illərlə toplanan narazılığın nəticəsi idi. Təxminən 10 il əvvəl Qazaxıstanın bir əyalətində narazılıq yarandı, etirazlar 5 günə qədər çəkdi, fəhlələr ayağa qalxdı, toqquşmalar baş verdi. Lakin etirazlar dərhal da yatırıldı. Amma bu ilin əvvəlində yenidən narazılıq yarandı və proses bütövlükdə ölkəyə yayıldı. Sadəcə olaraq sıxılmış qazın qiymətinin artması burada təkan rolunu oynadı.

 

Etirazların belə şəkil alması ondan doğurdu ki, Qazaxıstanda hakimiyyətə sistemli rəqib, yəni təşkilatlanan, yerli qurumları olan oturuşmuş müxalifət yox idi. Çünki onlar ya ölkədən qaçmışdı, ya tutulmuş, ya da sıradan çıxarılmışdı. Təcrübə göstərir ki, yer boş qaldığından kortəbii qüvvələr onun yerini tutur. Nəticə etibarı ilə millət ayağa qalxdı, heykəllərim uçurdu və s. Bu məqamdan da Moskva istifadə etdi.

 

Bəzi detallara diqqət etsək görərik ki, Rusiya əslində sanki bu hadisələrə hazır idi. O boyda hərbi kontingent iki gün içərisində Qazaxıstana daxil oldu, Rusiya KTMT adından strateji obyektləri nəzarətə götürdü. Özü də desant qüvvələri vasitəsilə. Aydındır ki, onlar heç sülhməramlı da deyildi və ağır silahlarla silahlanmışdılar. Unutmayaq ki, bu prosesdə Qazaxıstandakı klanların - juzların da mübarizəsi gedirdi. Hər şey bir-birinə qarışdı və Rusiya bu ölkəyə qoşun yeritdi. Sonra başladılar ki, şimali Qazaxıstan əzəli rus torpaqlarıdır, SSRİ zamanı Qazaxıstana pay verilib və s. Bir çox rəsmi şəxslər, o cümlədən Putin özü də illər əvvəl deyirdi ki, qazaxların dövləti olmayıb, onu biz yaratmışıq.

 

- Diqqət çəkən məqam odur ki, ruslar həm də ABŞ, NATO və ATƏT-lə təhlükəsizlik danışıqları ərəfəsində Qazaxıstana ordu yeritdi. Bu olaylar arasında bir bağlantı varmı?

 

- Ruslar danışıqlar ərəfində bu addımı atdı. Məncə, bu məqamda ruslar Qazaxıstanda əzələ nümayiş etdirdi. Qərbə göstərdi ki, siz Ukrayna məsələsində mənimlə başa-baş gəlirsiniz, amma mən bu yanda da öz işimi görə bilirəm. Yəni, Qərbə mesaj verildi ki, Ukrayna yaxındadır, amma sizin əliniz Qazaxıstana çatmır. O, ayrı mövzudur ki, Rusiya tərəfi ABŞ və NATO ilə görüşləri müzakirələr kimi təqdim edir, amerikalılar isə bunu məsləhətləşmə adlandırırlar, yəni danışıqlar da saymırlar. Beləcə, danışıqlar zamanı da rusların tələblərini rədd etdilər. Nəticə olaraq ruslar Qazaxıstana daxil oldu, vəhşicəsinə etirazları yatırdılar. Birdən-birə də Qazaxıstandan çıxdılar. Halbuki, heç kim bunu gözləmirdi.

 

- Bəs, niyə çıxdılar?

 

- Mən müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, Çinə görə çıxdılar. Kobud desək, Çin Rusiyaya təpindi. Çin Qazaxıstan və Orta Asiya ölkələrinə böyük sərmayələr yatırıb, İpək Yolu marşurutu ilə Avropaya çıxmaq üçün ticarət yollarını hazırlayır. Yəni bu işlə məşğuldur. Üstəlik Çin qoyduğu milyardları Rusiyanın öhdəsinə buraxa bilməzdi. Söhbət ondan getmir ki, Rusiya Çinin daha güclü silahları olduğu üçün qorxdu. Yox, Rusiya Çinlə siyasi və hüquqi baxımdan qarşıdurmaya getsə, dünyada dəqiq təklənəcək. Bir çox hallarda Çin və Rusiya Qərbə, xüsusən ABŞ-a qarşı birlikdə hərəkət edirlər. Bu baxımdan Çin öz maraqlarını qorumaq üçün diplomatik kanallarla Rusiyaya nəsə bildirib. Diqqət etdinizsə, Çin Xarici İşlər naziri Qazaxıstan Xarici İşlər naziri ilə danışığı zamanı Qazaxıstana hər cür dəstək göstərəcəklərini elan etdi. Bu da bir növ mesaj idi. Bundan əvvəl Çin ali rəhbəri də mesajlarını vermişdi. Ehtimal edirəm ki, diplomatik kanallarla da Moskvaya bildiriblər ki, çox irəli getməyin, burada biz də varıq və sizdən üz döndərsək, ortada qalarsınız.

 

Üstəlik, fevralda Rusiya lideri Putinin Pekinə rəsmi səfəri də nəzərdə tutulub. Diqqət etsəniz görərsiniz ki, Qazaxıstanın yeni hökumətində nazirlərdən biri ruspərəst deyil və ruslar da ona qəti etiraz ediblər. Amma buna baxmayarq, o, nazir təyin edildi. Yəni burada bəzi məqamlar var ki, bizə məlum deyil. Əlbəttə, bu işlə məşğul olan müəyyən strukturlar var ki, atmosferi və prosesin incəliklərini daha dəqiq bilirlər.

 

- Qazaxıstan hadisələrindən belə nəticə çıxır ki, hakimiyyətdaxili mübarizədə əsas itirən tərəf Nursultan Nazarbayev və klanı oldu. Nazarbayev hələ də üz-araya çıxmir. Bunu Nazarbayev faktorunun Qazaxıstan üçün bitməsi hesab etmək olarmı?

 

- Mən düşünmürəm ki, Qazaxıstanda Nazarbayev faktoru ümumiyyətlə silinə bilər. Orada böyük pullar var və bu pullar onun qızında, kürəkənində, digər ailə üzvlərindədir. Pul olan yerdə də hakimiyyətə iddia hər zaman olacaq. Söhbət ondan gedir ki, hakimiyyətə hansısa etiraz dalğasında gəlmək olur, amma hakimiyyətdə qalmaq üçün böyük maliyyə lazımdır. Bu, həmişə və hər yerdə belədir. Maliyyə dəstəyi olmayanda çətin olur. Vacib deyil ki, bu maliyyə dəstəyi hakimiyyətdə oturanın özündə olsun. Onun ətrafı və ona dəstək olanların pulu olmalıdır. Burada da Tokayev həmin pulları Nazarbayev ailəsindən ala bilməyib. Və bu gedişlə alıb-almayacağı da məlum deyil.

 

Əsas olaraq Məsimovu həbsə atıblar. Məsimov demək olar ki, ölkəsində prezident kreslosundan başqa bütün kreslolarda oturub, son vəzifəsi də Milli Təhlükəsizlik Komitəsinin sədri olub. Bu adam çox güclü fiqurdur. Özünə qazax desə də, çoxları hesab edir ki, uyğurdur. Çində, Moskvada və Qərbdə təhsil alıb, beş dildə danışır, əlaqəli və güclü fiqurdur. Rusiya onu istəmirdi. O, daha çox Nazarbayevin adamı sayılırdı. İndi də Tokayev və ruslar onu tutdu və neytrallaşdırdı. Lakin bütün bunlara baxmayaraq, Nazarbayev fiziki cəhətdən özü olmasa belə, onun ailəsi və pulları hələ öz sözünü deyəcək...

 

- Rusiyanın Qazaxıstan siyasətinin iflasa uğradığını söyləmək olarmı?

 

- Yox, ruslar geri çəkilməyəcək. Sadəcə olaraq, bu mərhələdə geriyə durdular. Çünki onlar neoimperialist siyasətlərindən əl çəkməyiblər və çəkənə də oxşamırlar. Biz bilirik ki, Qazaxıstan öz yerində, rusların Özbəkistana da iddiaları var. Qırğızıstana da həmçinin. Tacikistan Prezidenti bu ərəfədə elan etdi ki, onun sərhədində 6 minə qədər terrorçu yerləşib, ona köməklik etmək lazımdır və s. Ukraynaya iddialar var. Azərbaycanın özünü belə bu siyahıdan çıxarmaq mümkün deyil. O mənada ki, Qarabağda müvəqqəti yerləşən “sülhməramlı” qüvvələr ərazidə rusiyalaşdırma siyasəti yeridirlər. Yəni ermənilərdən ötrü ürəkləri getmir, amma orada qalan ermənilərə məktəblərdə rus dili keçirlər, rus mədəniyyəti, tarixi və ədəbiyyatını öyrədirlər. Yəni, özlərinə yer edirlər. Hər yerdə Rusiya bayrağı dalğalanır. Biz Xankəndi tərəfə gedə bilmirik, amma dünyada nə qədər ata-anasından küsənlər varsa, hamısı ora gəlib-gedirlər. Ruslar onları Xankəndiyə buraxırlar. Bir sözlə, özlərinə orada yer eləmək istəyirlər. 

 

Bu günlərdə Azərbaycan Prezidenti yerli kanallara müsahibəsində eyham vurdu ki, biz ora gələnlərin də, gedənlərin də rus sülhməramlıları tərəfindən necə qorunduğunu görürük, xəbərimiz var və Laçın dəhlizi tam nəzarətimiz altındadır. Bundan sonra da çoxları üçün gözlənilməz olsa da, Prezident Əliyev Ukraynaya işgüzar səfər etdi, orada bir sıra vacib sənədlər imzalandı, Ukrayna Prezidentinin Qarabağın bərpasında ölkəsinin iştirak etmək niyyətində olmasını bildirməsi, hər iki ölkənin bir-birinin ərazi bütövlyü və suverenliyini müdafiə etməsi xırda işlər deyil. Bu saat Qərb deyəsən ayılıb və Ukraynanın yanında durmağın vacibliyini anlayıb. Eyni zamanda onlar Ukraynanın nə demək olduğunu başa düşürlər. 1941-ci ildə “Arxada Moskvadır, geri gedəcəyimiz yer yoxdur” şüarı var idi. Qərb də indi anlayıb ki, Ukraynadan sonra Avropadır. Bu baxımdan özləri üçün gerçək təhlükənin mövcudluğunu hiss edərək Ukraynanın arxasında durmaq qərarına gəliblər.

 

- Qazaxıstan hadisələrindən sonra Ermənistan-Azərbaycan sərhədində gərginlik müşahidə etdik, itkilərimiz də oldu. Sizcə, Qazaxıstan hadisələri ilə dövlət sərhədimizdəki gərginlik arasında hər hansı bir əlaqə varmı?

 

- Zənnimcə, burada birbaşa Rusiyanın əli olmasa da, Ermənistan bizi təxribata çəkmək istəyirdi. Yəni istəyirdilər ki, atəşkəsin pozulması və təxribatlardan bezərək Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlərinə daxil olaq. Bundan sonra Ermənistan KTMT-yə müraciət etsin ki, bəs xarici intervensiya var və qoşun yeridin, Azərbaycan torpaqlarımızı ilhaq edir. Qazaxıstan olaylarından dərhal sonra bunu etmək İrəvana əl verirdi. 

 

Azərbaycan Prezidenti də çıxışında söylədi ki, müdafiə nazirinə dedim ki, atışmanı dayandırın. Əlavə etdi ki, lazım gəlsə, biz yenə öz işimizi görəcəyik. Əlbəttə, Ermənistan bu durumdan istifadə etmək istəyirdi. Ola bilsin ki, hələ Rusiya özünü buna hazır saymır. Həm də ehtimal edirəm ki, ruslar işini yavaş-yavaş görmək istəyir. Yəni, Qarabağdan ermənilərin çıxmasına mane olur, onlara qalıb yaşamaları üçün şərait yaradır və tədricən öz mövcudluğunu gücləndirir. Bəd ayaqda da oradakı ermənilərə vətəndaşlıq verə və elan edə bilər ki, burada mənim “vətəndaşlarım” yaşayır və onları “müdafiə etmək üçün” buradayam. Hesab edirəm ki, belə hallar mümkündür. Hər halda biz, çox ehtiyatlı olmalıyıq.

Diaspora