“Rus NATO-su”nun sülhməramlıları Qazaxıstanı tərk edir. Rusiya prezidenti Vladimir Putin müdafiə naziri Şoyquya “evə qayıtmaq vaxtıdır”, deyəndən sonra qayıdış prosesi sürətlənib. KTMT üzvü olan ölkələr 6 yanvarda “atışıb” ərazisi 2,7 mln. kv km-dən, əhalisi 18 milyondan çox olan Qazaxıstana üst-üstə 2030 sülhməramlı və 250 hərbi texnika göndərmişdilər. Qısa müddətdə isə onlar sakitlik “yaratdılar” və geri qayıdırlar.
Təsəvvür edin, Qazaxıstanda “asayişi bərpa etməyə” hərbçi göndərən “sülhməramlı” Ermənistan elə bu günlərdə, 100 nəfərlik hərbi kontingenti Almatıda olduğu zaman Kəlbəcər istiqamətində növbəti dəfə alçaq cinayətə, terrora imza atdı, cavabını aldıqdan sonra, yalvarıb-yaxarandan sonra Azərbaycan cavab zərbələrini dayandırdı.
Başqa bir detal: tək Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin sayı rəsmən elan olunduğuna görə, 1960-dır. Amma rəsmi. Müxtəlif adlar altında kontingentin dəfələrlə şişirdildiyi barədə çoxsaylı məlumatlar var. Niyə? Qarabağın kiçik bir ərazisindəki 27 min ermənini “qorumaq” üçün bu qədər hərbi heyətə ehtiyac var idimi? Az qala hər 3-5 erməniyə bir sülhməramlı düşür. Əcaib deyilmi?
Düzdür, Rusiya və Azərbaycan arasında əldə olunmuş razılaşmaya əsasən, sülhməramlılar 5 illik yerləşiblər. Amma məram-məqsəd təhlükəsizliyi təmin etmək deyilmi? Bunun üçün ilk atılmalı olan addım bölgədəki terrorçu birləşmələrin, qanunsuz erməni silahlı dəstələrin tərksilah edilməsini təmin etmək idi. Amma bu, baş veribmi? Yox! Necə olur, Rusiya 2030 hərbçi ilə Qazaxıstanda cəmi 6 günə asayişi bərpa edə, “terrorçuları” sıradan çıxara bilir, amma Qarabağın ermənilər yaşayan hissəsində bunu bacarmır? Deməli, sadəcə istəmir! İstəmirsə, onda Azərbaycan xalqı və dövləti də belə sülhməramlını istəməyəcək bu gedişlə.
Prezident İlham Əliyevin bu günlərdə dedikləri çox mətləblərdən xəbər verir. Sitat: “Məndə olan məlumata görə, Qarabağa gələn Ermənistan nümayəndələri sülhməramlı missiyaya xarici vətəndaşların səfərləri ilə bağlı müraciətlər edirlər. Orada ya icazə verilir, ya da ki, verilmir. Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, ”görməmişik, bilməmişik" demək, qeyri-ciddidir".
Artıq sülhməramlılar o qədər “ağ” ediblər ki, dövlətimizin başçısı da kifayət qədər açıq şəkildə mövqeyini ifadə etmək məcburiyyətində qalıb. Ölkə başçısı “buna son qoyulmalıdır”, dedi və xəbərdarlıq etdi ki, Azərbaycan istənilən vaxt Laçın dəhlizinə əl qoya bilər...
Bundan əvvəl Azərbaycan Prezidenti Rusiya Dövlət Dumasının deputatı Milonovun Qarabağa qeyri-qanuni səfərinə görə də şəxsən baş nazir Dmitriy Medvedevə etiraz məktubu göndərmişdi. Dəyişən yalnız kontingentin komandanıdır, bu dəfə Volkov gəldi, sadəcə fəaliyyətinə Bakı səfərini reallaşdırmaqla başladı, digərləri kimi İrəvandan gəlmədi. Əslində əvvəlki 3 komandanın Qarabağa “İrəvan yolu” ilə gəlməsinin özü belə əcaib idi. Bakı bura qədər dözürdü.
Ermənistanın Turizm Nazirliyinin açıqlamasına görə, 1 yanvar 2021-31 dekabr 2021-ci il tarixləri arasında 4391 xarici vətəndaş Xankəndiyə gəlib. Bakının xəbəri və icazəsi olmadan Azərbaycan ərazisinə soxulanlardan söhbət gedir. Bəlkə bölgəyə sülh gətiriblər, xəbərimiz olmayıb? Laçın dəhlizinə nəzarəti təmin edən Rusiya sülhməramlıları hara baxır? Hara baxdığını prezident Əliyev şəxsən açıqladı. Sitat: “Biz görürük, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz”.
Ən yüksək səviyyədə deyilənlər sülhməramlıların gerçək məqsədini təsdiqləyən növbəti dəlil-sübutdur. Kifayət qədər məlumatlara malik olan dövlət başçısı da dedi ki, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır. Deməli, Rusiya sülhməramlılarının əsas məqsədi erməniləri nəyin bahasına olursa-olsun Qarabağda saxlamaqdır. Deməli, həm də terrorçuları, silahlıları...
Məhz bu cür münbit şəraitə görədir ki, özünü hələ də “prezident” sayan terrorçu Araik Arutyunyan nümayişkaranə şəkildə “ordu quruculuğu” ilə məşğul olur. Sonuncu dəfə 13 yanvarda “hərbi şura”nı yığıb, 2021-ci ilin nəticələrini müzakirə edib. 44 günlük müharibə zamanı Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş cinayət əməllərinə görə beynəlxalq axtarışa verdiyimiz Arutyunyan!
Onu və onun kimiləri Qarabağda bəsləyən rus sülhməramlılardır! Bu gedişlə səbrimizi daşıracaqlar. Dövlət başçısı növbəti dəfə xəbərdar etdi. Nəticəsini gözləyirik... Ya erməni terrorçularını rədd edəcəklər, ya da özləri vaxtından tez gedəcəklər. Yoxsa Azərbaycan hərbçilərinə qumbara atan terrorçunu Araikə təhvil verən, ermənilərdəki silah arsenalını görməzdən gələn, gündə bir xəritə icad edib də, Suqovuşanı belə, öz təsir dairəsinə aid edənlərlə bizimki alınmayacaq. Hələ heykəl oyunbazlıqlarını, Qarabağ erməniləri üçün bir həftəlik konsert dəstgahını demirik.
Sülhməramlıların gözü qarşısında terrorçu Araik “hərbi müşavirə” keçirir. Belə çıxır sülhməramlılar quldur dəstələrini qorumaq üçün Qarabağa gəlib?..
Elşad Paşasoy
musavat.com