“2019-cu ilin iyul ayında hərbi xidmətə yollandım. Ağcabədidə və daha sonra Füzulidə xidmətimə davam etdim. Vətən müharibəsi başlayanda artıq bir il beş ay idi ki, xidmət edirdim. Daha sonra bizi işğaldan azad edilən ərazilərin mühafizəsinə göndərdilər”
Bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Hüseyinzadə Eldəniz Həmdulla oğlu deyib. Qəhrəman döyüşçümüz daha sonra Laçın koridorunda düşmənin Şuşaya gələn təminat yolunu bağlayaraq onları çıxılmaz vəziyyətə saldıqlarını bildirib:
“Təxminən noyabrın 4-də bizi Hadruta göndərdilər. Ordan da Topxana meşəsinə yollandıq və nəhayət Laçın koridoruna çıxdıq. Orda düşmənin Şuşaya gələn təminat yolunu bağladıq. Komandanlıqdan göstəriş belə idi. Sağ tərəfimizdən isə Xüsusi Təyinatlılarımız Şuşaya daxil olmuşdu. Həmin vaxt düşmən bizi güclü minamyot atəşinə tutdu və bir çox hərbçi yoldaşlarım şəhid oldu. Qəlpə barmağımın birini apardı, amma tibb məntəqəsinə getmədim. Orda ilkin tibbi yardım göstərildi və xidmətimə davam etdim. Bir neçə gün sonra Şuşa şəhəri də işğaldan azad edildi və düşmənin kapitulyasiya aktı imzaladığını eşitdik.
Döyüşlər bitəndən sonra Xocavəndin Qırmızı Bazar kəndinə yaxın Şexer kəndində postlarımızı qurub, möhkəmləndik. Daha sonra əlavə olaraq 6 ay da xidmət etdim və ümumilikdə xidmət müddətim iki il oldu. 44 günlük Vətən müharibəsində göstərdiyim xidmətlərə görə ölkə başçısı tərəfindən “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildim. Torpaqlarımızın müdafiəsinə həmişə hazıram.
Böyük qardaşım Ramazan Hüseyinzadə də ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir. Birinci Qarabağ savaşında isə atam, əmilərim Hilal və Araz iştirak ediblər. Atamla əmim Araz döyüşlərdən qayıtsa da, digər əmim Hilal itkin düşüb və bu gün də ondan xəbər yoxdur. Bu gün isə bir istəyim var və o da mənim işlə təmin olunmağımdır. İstəyirəm ki, dövlətimiz məni uyğun bildiyi bir yerdə işlə təmin etsin, işləyib ailəmə köməklik edim”.
Qeyd edək ki, Hüseyinzadə Eldəniz Həmdulla oğlu 2001-ci ildə Cəlilabadın Muğan kəndində anadan olub.