“Şuşa ili” üçün töhfə olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilati və maddi dəstəyi ilə Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin ətrafında birləşən həmvətənlərimizin könüllü topladığı vəsait hesabına Ağcabədi rayonunun Minəxorlu kəndində Vətən Müharibəsi şəhidinin ailəsi üçün fərdi yaşayış evinin tikintisi başa çatıb.
Qaziler.az-ın EDNews.net-a istinadən məlumatına görə, Ağcəbədi rayonunda 14 yanvar 2022-ci il tarixində, saat 12.00-də şəhid Atayev Tariyel Fəxrəddin oğlunun ailəsi üçün tikilən mənzilin açarlarının ailəyə təqdimatı keçiriləcək.
Tədbirdə Ağcabədi Rayon İcra başçısı Rafil Hüseynov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin İdarə heyətinin sədri Zülfüqar Mirzəyev, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli, Komitənin şöbə müdiri Ruslan Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, “Qarabağ qaziləri" İB-nın sədri Asəf Əliyev, millət vəkili Aqil Abbas, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İB-nin sədri Mehdi Mehdiyev, Milli Qəhrəman, polkovnik-leytenant, Birinci Qarabağ müharibəsi şəhidi Şirin Mirzəyevin xanımı, sabiq millət vəkili Flora Qasımova, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin sədri Füzuli Rzaquliyev, millət vəkillərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, Əsgər Tariyel Atayev 5 sentyabr 1986-cı ildə Ağcabədinin Minəxorlu kəndində anadan olub. Vətən Müharibəsində Füzuli, Ağdərə, Xocavənd, Şuşa istiqamətində gedən döyüşlərdə fərqlənib. İgid döyüşçü Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.