Ermənistanın Qazaxıstandakı hadisələrdən ruhlanıb KTMT-ni sərhəd məsələsi ilə bağlı məsələlərə daxil etməsi ehtimalı çox azdır. Çünki ortada imzalanmış 10 noyabr bəyanatı var və Azərbaycan heç bir ölkənin ərazisinə müdaxilə etmir.
Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Mərmərə Universitetinin professoru Giray Saynur Derman deyib.
Onun sözlərinə görə, sərhəddə Ermənistan tərəfindən yaradılan gərginliyin iki əsas məqsədi ola bilər:
“Birincisi odur ki, Qərb Rusiyanı Cənubi Qafqazda sıxışdırmaq üçün sərhəddə vəziyyətin gərginləşməsində maraqlıdır. Çünki Qərb İkinci Qarabağ müharibəsi zamanı itirdiyi nüfuzunu bölgədə yenidən bərpa etmək və problemdən istifadə edərək yenidən prosesdə əsas tərəflərdən biri olmaq istəyir. Baş verən hadisədən sonra bir sıra Qərb mərkəzli təşkilatların tərəflərə çağırış etməsi və delimitasiya, demarkasiya prosesinin başlaması üçün yardım təklifini bu istəyin təzahürü hesab etmək olar. Rusiyanın qarşısında Ukrayna problemi varkən, Cənubi Qafqazda özünə ikinci cəbhə açacağı inandırıcı deyil. Digər tərəfdən Rusiya öz fəaliyyətləri ilə sülhə və sabitliyə tərəfdar olan bir dövlət imici yaratmağa çalışır.
İkinci versiya isə Paşinyanın orduya və ölkədəki bütün siyasi qruplara tam nəzarət edə bilməməsi ilə əlaqədar ola bilər. Belə ki, diaspor və ölkədə Qarabağ klanına məxsus qruplar Türkiyə ilə yaxınlaşmanı və Azərbaycanla problemin tam həllini tapmasını qətiyyən istəmirlər. Buna görə, öz əlaltıları vasitəsilə həm ölkə daxilində, həm də sərhəddə vəziyyəti gərginləşdirməyə çalışırlar. Ancaq bununla Ermənistanda hakimiyyət çevrilişi etmək mümkün deyil, çünki seçkilər yeni olub və Paşinyan qələbə qazanıb. Eyni zamanda Paşinyan Qazaxıstan məsələsində Rusiyanın yanında olduğunu göstərməklə daxildən çevriliş ehtimalını da azaltmış oldu”.