Torpaqlarımızın bütövlüyü uğrunda döyüşən hərbçilərimizdən biri də Əmənov Hacıağa Sultan oğludur. Qəhrəman döyüşçümüz həm 2016-cı il Şanlı aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində döyüşüb.
O, öz döyüş yolunu Moderator.az-a belə nəql edib:
“Ailədə üç bacının tək qardaşıyam. 1997-ci il yanvarın 2-də anadan olmuşam. 2015-ci ildə əsgəri xidmətimi çəkmək üçün ordu sıralarına çağırıldım. Xidmətimi Tərtərin Borsunlu kəndində Milli Qəhrəman Mübariz İbrahimovun xidmət etdiyi postda yerinə yetirmişəm”.
“Düşmənə başa saldıq ki, bu postda Mübariz İbrahimov xidmət...”
“Elə oldu ki, 2016-cı il Şanlı aprel döyüşləri zamanı ermənilər üç dəfə xidmət etdimiz postda hücum etdi. Hər dəfəsində də onları yerinə oturtduq. Həmin döyüşlər zamanı bir neçə əsgər yoldaşım şəhid oldu. Amma düşmənə başa saldıq ki, bu postda Mübariz İbrahimov xidmət edib və elə o, bu ərazidən keçərək düşmənin xeyli sayda hərbçisini məhv edib. Mübariz İbrahimovun postunda xidmət etmək mənim üçün qürur idi. Ordu sıralarında tərxis olunandan sonra isə müxtəlif işlərdə çalışıram”.
H.Əmənov Vətən müharibəsinə könüllü yollandığını bildirib:
“2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı yenidən könüllü olaraq döyüşlərə qatıldım. Bu dəfə isə Füzuli, Xocavənd və Laçın uğrunda gedən döyüşlərdə savaşdım. Şükür Allaha ki, 44 günlük Vətən müharibəsi zamanı düşməni ağır məğlubiyyətə uğratdıq. Vətən müharibəsində göstərdiyim xidmətlərə görə ölkə başçısı tərəfindən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişəm. Biz torpaqlarımızı hər zaman müdafiə etməyə hazırıq”-deyə döyüşçümüz bildirib.