Azərbaycanın Xankəndi şəhəri və ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik ola Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalından 30 il ötür.
Modern.az-ın məlumatına görə, 1991-ci il dekabrın 28-də Kərkicahan qəsəbəsinin işğalı ilə Xankəndi və ətraf ərazilərin işğalı başa çatdırılıb.
İşğal gününə qədər Xankəndi ərazi vahidliyinin tərkib hissəsi olan Kərkicahanın müdafiəsi kənd sakinlərindən yerli özünümüdafiə dəstələrindən, yeni yaranmış polis qüvvələri və Milli Ordunun bir qrup əsgəri tərəfindən təşkil olunub.
Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlıların istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur olublar.
Özünümüdafiə dəstələrinin bir müddət erməni silahlıların hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarılıb.
İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. İki orta məktəb, bir uşaq bağçası, bir kitabxana, bir klub, bir ATS, on dükan, bir tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan beş sex və digər məişət-iaşə obyektləri dağıdılıb.
Kərkicahan və ətraf ərazilər uğrunda gedən döyüşlərdə 34 nəfər şəhid olub, 150 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Şəhid olanlardan 3-ü qadın, 2-si azyaşlı uşaq olub.
Qeyd edək ki, hazırda Xankəndi şəhəri rusiyalı sülhməramlıların müvəqqəti nəzarətindədir.