13 aydan çoxdur ki, müharibə qələbəmizlə bitib. Böyük bir ərazimizi işğaldan azad edilib, amma hələ də nəzarətimizdə olmayan torpaqlarımız var və suverenliyimizi Xankəndi və ətrafında nə vaxt və necə həyata keçirməyimiz qeyri-müəyyən olaraq qalır.
Bu durum yalnız nəzarət mexanizminin necə reallaşacağının aydın olmaması ilə deyil, ümumiyyətlə zamanının, konkret vaxtının bilinməməsi ilə də xarakterizə olunur. Bu gün Qarabağ ətrafında baş verən siyasi proseslər birbaşa deyil, yalnız dolayısı ilə Xankəndi probleminə aiddir. Qarabağ yox, “Xankəndi problemi” ona görə deyirik ki, Qarabağ ərazisinin böyük hissəsi işğaldan azad olduğuna görə, qalan ərazilərə nəzarət problemini elə bu adla demək, istər siyasi, istər hüquqi, istərsə də coğrafi aspektdən daha məqsədəuyğundur. Müharibə bitəndən bəri tərəflər arasında bütün razılaşmalarda, o cümlədən son Soçi və Brüssel görüşlərinin hədəfində nəqliyyat-kommunikasiya, sərhədlərin müəyyənləşməsi və bəzi humanitar məsələlər dayanıb. Əlbəttə, bu məsələlər də müzakirə olunmalı və həll edilməlidir, amma bu o demək deyil ki, Xankəndi və ətrafına nəzarətimizin yaranması ilə bağlı siyasi proseslər arxa plana keçməlidir. 13 aylıq zamanı dəyərləndirsək, Xankəndi problemi nəinki arxa planda qalıb, ümumiyyətlə, rəsmən adı belə tutulmayıb.
Neçə vaxtdır, Azərbaycan -Ermənistan münasibətlərinə aid danışıqların mərkəzində daha çox dəhliz movzusu prioritet təşkil edib və Brüssel görüşündə də müzakirə olunan məsələlər arasında nəticə kimi Zəngəzur istiqamətində dəmir yolunun açılmasına razılıq verilib. Yəni, dəhliz yox, yol olacaq. Və o dəmir yolu da heç mövcud deyil. Ermənistanın iqtisadiyyat naziri açıqlama verir ki, 44 kilometrlik dəmir yoluna 200 milyon dollar vəsait və bir neçə illər lazımdır. Hesab edək ki, bu yol ən azı üç ilə başa gələcək, yalnız yük qatarlarının hərəkətinə icazə veriləcək və Ermənistan da Rusiyaya, İrana, Rusiyadan, İrandan da Ermənistana bizim ərazidən, dəmir yolundan istifadə etməklə yüklər daşıyacaq. Bizim Naxçıvana yük daşıma həcmi əks tərəflə müqayisədə xeyli azdır. Bu gün məlumat yayılıb ki, Gürcüstandan Rusiyaya gedən avtomobil yolları uzun müddət iqlim şərtlərinə görə bağlanıb. Ermənistana aid yük maşınları da bu yolla hərəkət etdiyindən, deməli yük daşımaları yalnız aviasiya ilə mümkün olacaq və baha başa gələcək. Bu yol daha çox Rusiyanın və Ermənistanın işinə yarayır. Elə isə qoy Ermənistan bizə yalvarsın ki, blokada götürülsün, çünki Rusiyaya, İrana dəmir yolu çıxışı əldə edəcəklər, bizim də Naxçıvana yük daşımaq üçün maneəni götürəcəklər. Bu yolu tələsik Turan yolu adlandıranlar bilsin ki, reallıqla arzular başqa məsələlərdir və zamana ehtiyacı var. Biz isə çox zaman itiririk. Burada sual yaranır: Zəngəzur yolunun istənilən statusda açılması Xankəndi probleminə, yəni bizim Xankəndinə nəzarətimizin bərpa olunmasına təsiri nə dərəcədədir? Birbaşa təsiri yoxdur. Bu variant düşməni iqtisadi cəhətdən blokadadan çıxarır və məkrli erməni güclənir. Erməni xislətinə yaxşı bələd olduğumuzdan bilirik ki, bunlar işıq ucu görəndə iştahları böyüyür və planlarını həyata keçirmək üçün qəddar və israrlı olurlar.
Üstəlik, bu yol iki- üç ilə başa gələnədək Laçın dəhlizi indiki statusunda qalacaq və Xankəndinə gələn-gedəndən, daşınan, aparılandan xəbərimiz olmayacaq? Olsa belə, qarşısını ala biləcəyikmi? Bu hələ başlıca narahatçılıq deyil, əsas olan odur ki, bu müddətdə separatçı rejim Xankəndində müstəqillik nağıllarını stimullaşdırmaq siyasəti aparacaq, miqrasiyanın qarşısını almaq məqsədilə mənzil tikintisi ilə bağlı elan etdikləri planı yavaş-yavaş həyata keçirəcəklər. Məğlub tərəf Xankəndi və ətrafında qurub yaradacaq, Rusiya yeni büstlər, məbədlər inşa edəcək, qalib ölkə, torpağın sahibi isə bina tikmək qalsın bir yana, Xocalıya və digər daimi yaşayış yerlərə qayıdacağını rəsmən belə elan etməyəcək? Belə çıxır ki, Xankəndi və ətrafına nəzarət edən Rusiya dövləti basqı edir, bizim nə vaxtsa Xankəndinə nəzarətimizi dilə gətirməyimizə belə imkan vermir.
Eyni zamanda sərhədlərin delimitasiya və demarkasiyası da xeyli müddət aparan bir prosesdir. Yol -dəhliz, sərhəd müəyyənləşdirilməsi məsələsinə paralel olaraqr bizim başlıca siyasi xəttimiz Qarabağın qalan problemi ətrafında olmalıdır. 13 ay səbr nümayişi üçün yetərli deyilmi?
Hiss olunur ki, Rusiya da, Avropa da yol-dəhliz, sərhəd, humanitar məsələlərini qabartmaqla birbaşa Qarabağ problemini dondurmaq siyasi xəttini seçiblər. Bölgədə daha çox iqtisadi əlaqələrin yaranmasını istəyən bu qüvvələr yaxşı bilirlər ki, bu cür yanaşma problemi həll etməyəcək, amma zamanı uzatmaqla erməniləri siyasi-iqtisadi-hərbi böhrandan çıxartmağı düşünürlər. Düşmən isə azacıq dirçələndə revanş haqqında fikirləşəcək, iddiaları daha da artacq. Azərbaycan birbaşa Xankəndi probleminin üzərinə getmədikcə bu iddialar hər zaman təxribatlarla, yeni şəhid verməklə davam edəcək.
İlham İsmayıl
moderator.az