Əgər Laçın dəhlizində heç bir gömrük postu, sərhəd məntəqəsi yoxdursa, burdan keçən insanlar, mallar baxışdan keçirilmirsə, həmin qaydalar Zəngəzur dəhlizinə də tətbiq olunmalıdır. Bunu ölkə rəhbəri İlham Əliyev qeyd etdi. Lakin Ermənistan bunu qəbul etmir. Onda belə çıxır ki, Ermənistan dolayısı ilə Azərbaycanın Laçın dəhlizində gömrük postu, sərhəd məntəqəsinin yaradılmasını, bu dəhlizdən keçən malların və insanların baxışdan keçirilməsini qəbul edir.
Bu sözləri Axar.az-a “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
Politoloq qeyd edib ki, Ermənistan tərəfi Zəngəzur dəhlizində bir rejim, Laçın dəhlizində isə başqa bir rejimin fəaliyyət göstərməsini təmin etməyə çalışır:
“Amma Azərbaycan buna razı deyil. Rəsmi Bakı Zəngəzur üçün nəzərdə tutulan rejimi Laçın dəhlizinə də şamil edəcək.
Digər tərəfdən delimitasiya və demarkasiya məsələsində də razılığa gəlinib ki, bu da olduqca pozitiv məqamdır”.