“27 yaşında tək qalıb, 3 övlad böyütdüm, Arəstə həyatda olmasa da yenə də mənim canımdır”
“Sanki qızımla birgə o biri dünyadayam. Mən bu dəqiqə diri ikən ölüyəm. Ölülərdən heç bir fərqim yoxdur. Çox dözülməz ağrıdır, bunu ancaq bala dərdi çəkənlər bilər. Başqa heç kim bilməz. Arəstə ilə həqiqətən də qürur duyuram, o həyatda olmasa da yenə də mənim canımdır. Ürəyimi gedib qəbir üstündə boşaldıram, o zaman hiss edirəm ki, sanki yanımdadır”
Bunu Moderator.az-a açıqlamasında şəhid Arəstə Baxışovanın anası Məktubə Baxışova deyib. O daha sonra əlavə edib.
“Zəhra deyəndə ki, anamı istəyirəm, deyirəm yum gözünü, yanına gələcək. Həqiqətən də gözünü yumub yatanda o günü yuxusuna gəlir. Zəhranın yuxusuna gəlib deyir ki, dərslərini yaxşı oxu, 3 gündən sonra gələcəyəm. Zəhra o günü ağlayaraq yuxudan oyandı ki, anam yenə məni tək qoyub, işə getdi. Zəhranın 11 yaşı var, Mərdanın isə dekabrın 29-da 13 yaşı olacaq. Arəstə dekabrın 29-dan 31-nə qədər onlar üçün yeni il bayramı keçirirdi. Parka aparırdı, hər şey alırdı övladları üçün. Mən onlara ana istiliyini, ana qucağını əvəz edə bilmərəm. Nənə ananın yerini verə bilməz. Zəhra anasının şəkilini qucaqlayıb yatır. Yay tətilində onları 15 gün ard-arda dənizə aparmışdı. Sanki ürəyinə dammışdı ki, müharibə olacaq və o müharibəyə gedəcək. Zəhra hər şeyi bacarır, iynələrimi o vurur. İlk tibbi yardımı da bilir. Gələcəkdə həkim olub, anasının yolunu davam etdirmək arzusu ilə yaşayır. Deyir ki, nənə, necə ki, anam sənin qayğına qalırdı, mən də böyüyüm sənin qayğına qalacağam. Qızımın istiliyini, ətrini Zəhradan alıram” deyə şəhid Arəstə Baxışovanın anası Məktubə xanım bildirib.
O daha sonra şəhid Arəstə Baxışovanın heykəlinin ucaltmaq üçün məkanlar da təklif edib.
“Dövlətimizdən, Azərbaycan xalqından, çalışdığım Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən çox razıyam. 30 ildir orada çalışıram. Biz Xarkovda yaşamışıq, 1989-cu ildə Azərbaycana gəlmişik. Həyat yoldaşım 1986-cı ildə Çernobl qəzasında xəsarət aldı. 1993-cü ildə dünyasını dəyişdi. O zaman Arəstənin 4, böyük oğlumun 6, kiçik oğlumun isə 2 yaşı var idi. Mən 27 yaşından 3 körpə uşağı təkbaşına saxlamışam, onlara təhsil verib, ölkəmiz üçün layiqli övlad böyütmüşəm. Qızımı daim xatırlayıb, yada salırlar. Bu məni çox sevindirir. Əməkdar artistimiz Firuzə İbadova şair Qabil Ədalətin yazdığı sözlərə Arəstə üçün mahnı oxuyub. Hər dəfə o mahnını eşidəndə gözlərim dolur. Qızımın heykəlini isə Rəssamlıq Akademiyasının tələbəsi, heykəltəraş Müstəqil Balayev hazırlayıb. Çox istərdim ki, Arəstənin heykəli Bakıdakı Tarix Muzeyində saxlanılsın. Yaxud da qızımın Biləcəridə oxuduğu 284 saylı məktəbdə ucaldılsın” deyə Məktubə Baxışova bildirib.