Bu gün “Vətən Müharibəsi Qəhrəmanı” şəhid polkovnik-leytenant Ramiz Sübhan oğlu Cəfərovun doğum günüdür.
Ramizin atası əslən Masallı rayonundandır. Ramiz Cəfərov 1974-cü il dekabrın 10-da Donetsk vilayətinin Makeevka şəhərində anadan olub.
Ramiz Cəfərov 1981-1985-ci illərdə Sumqayıt şəhərində 17 nömrəli məktəbdə, 1985-1989-cu illərdə Sumqayıt şəhərində 11 nömrəli tam orta məktəbdə, 1989-1992-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsil alıb.
1992-1996-cı illərdə V.F.Marqelov adına “Suvorov” ordenli Ryazan Qvardiya Ali Hava-Desant Komandalığı Məktəbində ali hərbi təhsil alıb. Alman, ingilis və rus dillərini mükəmməl öyrənib.
2016-cı ilin Şanlı aprel döyüşləri zamanı Ramiz Cəfərov Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. Həmin döyüşlər zamanı Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan ordusunun “yenilməz Ohanyan xətti” adlandırdığı müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilib.
44 günlük Vətən müharibəsi zamanı isə komandir tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb. 40 günlük döyüş yolu ərzində bir sıra yaşayış məntəqələri, həmçinin əlverişli mövqelər və strateji nöqtələri düşməndən azad edib. Qartal ləqəbli xüsusi təyinatlımız beş nəfərlə 78 düşmən əsgərini məhv edib. Noyabrın 6-da isə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhid komandirin Rəbiqə, Nigar, Nərgiz, Nurlana adında dörd qızı və Nurlan adında oğlu yadigar qalıb.
Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Masallı şəhəri 6 nömrəli tam orta məktəbi ölkə başçısının sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” Ramiz Sübhan oğlu Cəfərovun adına verilib.