Qarabağdan danışan xarici siyasət adamları - rəsmilər, siaysi şərhçilər, sözçülər son günlər humanitar təşkilatların Qarabağa gəlməsinin vacibliyindən danışırlar.
Hər kəsin marağı Qarabağa humanitar yardım göstərilməsində, əsasən də beynəlxalq humanitar təşkilatların Qarabağa daxil olmasına icazə verilməsinə fokuslanıb. Bunların içərisində vacib olanlara nəzər salaq. Azərbaycanla Ermənistan arasındakı son situasiyaya münasibət bildirən RF XİN rəhbəri Sergey Lavrov: “...Ona görə də həmsədrləri humanitar təşkilatların gəlişini tez bir zamanda razılaşdırmağa yönəltmək lazımdır”. Yəni, Minsk Qrupunun həmsədrləri fəaliyyətə başalayacaq, üstəlik separatçı rejimə humanitar dəstəklə məşğul olacaq. Ola bilsin, Rusiyanın baş diplomatı münaqişənin siyasi həllinə ABŞ və Fransanın müdaxiləsini inkar edib, yalnız humanitar məsələlərlə ilgilənməsini nəzərdə tutur, amma yenə də məqsəd separatçılara beynəlxalq yardım göstərmək və yeni situasiya yaratmaqdır.
Dekabrın 8-də Amerikanın "Foreign Policy"(“Beynəlxalq siyasət”) jurnalı Gürcüstan paytaxtı Tiflisdə ABŞ-ın Cənubi Qafqaz dövlətləri ilə münasibətləri mövzusunda onlayn dialoq keçirib. Karneqi Sülh Fondunun analitiki, britaniyalı siyasi şərhçi Tomas de Vaal hesab edir ki, ABŞ, Avropa İttifaqı və Dünya Bankı regiona “böyük iqtisadi layihə” təklif edə və Cənubi Qafqazda “iqtisadi qovşaq” yarada bilərlər. Eyni zamanda o, xarici qüvvələrin iştirakı ilə münaqişənin həlli üçün xeyli vaxt aparacaq Dağlıq Qarabağ mövzusuna da toxunub. Şərhçi bildirib ki, Qarabağda bir neçə ölkənin maraqları üst-üstə düşür. Yəni, Qarabağda hamının marağı var, bu maraqlar nəzərə alınmalıdır, amma bu torpağın sahibinin marağını heç soruşan yoxdur ki, “üst-üstə düşən hamının marağı”, bu yerlərin sahibinin marağı ilə də üst-üstə düşürmü?
Əgər maraqlı qüvvələr Qarabağ əhalisinə humanitar yardım etməyi hədəfləyibsə.., olsun, amma Azərbaycanın maraqları nəzərə alınmadan bu mümkün deyil. Humanitar təşkilatların Qarabağa gəlişi, yardımı keçmiş Dağlıq Qarabağın azərbaycanlı qaçqınlarından yan keçə bilməz. 10 noyabr 2020 üçtərəfli razılaşmasında qaçqınların daimi yaşayış yerlərinə qayıdışı nəzərdə tutulur. Bu yaşayış məntəqələrinin sayı 63-dür. Onların bərpası, yenidən qurulması və yenidənqurma işləri tamamlanandan sonra köçürülməsi bölgəyə gələn humanitar təşkilatların fəaliyyətinin əsas tərkib hissəsi olmalıdır. Bu öhdəlik rəsmiləşməli, uyğun sənədlərlə təsbit olunmalıdır. Sənədlərdə zaman sürəsi də qeyd edilməli və ən qısa vaxtda Azərbaycan dövlətinin icazəsi və bərpa işlərində birgə fəaliyyəti göstərilməlidir. Əks halda, bizim maraqlarımız nəzərə alınmadan, bu təşkilatların Azərbaycanın ərazisinə daxil olması separatçılara əlavə stimul vermiş olacaq.
Təsəvvür edirsinizmi, onlarla beynəlxalq humanitar təşkilat adı altında düşmənin havadarları və tərəfdarları, xüsusilə diaspora həm ideoloji, həm maddi, hətta terror xarakterli qüvvələri Qarabağa yerləşdirir? İşlər mürəkkəbləşəcək, yalançı 53 min erməni əhalisi rəqəmi süni şəkildə şişəcək. Biz Xankəndi probleminin üzərinə sərt şəkildə getmədikcə Qarabağda həqiqətən Lavrovun, Tomas de Vaalın dediyi maraqlar üst-üstə düşəcək və bizim maraqlar onların içərisində itib batacaq. Sərhədlərin delimitasiyası işi başlasa belə Qarabağ separatçıları iddialarında qalacaq. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq, amma Qarabağın statusu söhbəti ilə alver edəcək. Dəhliz iki-üç ilə açılacaq, yenə Xankəndi problemi qalacaq və sərhəddə də, təmas xəttində də təxribatlar davam edəcək. Əksinə, Qarabağa nəzarətimiz reallaşdıqca heç bir təxribata yer qalmayacaq. Bütün təxribatların başında Xankəndi probleminin mövcudluğu dayanır. Sərhədlərin müəyyənləşməsi, dəhliz, nəqliyyat infrastrukturlarının açılması ilə bağlı aparılan danışıqlara paralel olaraq Xankəndinə nəzarətin həyata keçirilməsinin siyasi mexanizmi də müzakirə predmeti olmalıdır.
Zəngəzur “dəhlizi” yol statusunda olacaqsa, Laçın dəhlizi də yol statusu almalı və o istiqamətdə dövlət sərhədi tam nəzarətimizə keçməlidir. Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələr burada yalnız yolun təhlükəsizliyinə bizimlə bərabər məsuliyyət daşıdığına dair öhdəlik götürməlidir. Sərhəd məsələsini ona görə xüsusi vurğulayırıq ki, sabah beynəlxalq humanitar təşkilatlar nəzarətsiz sərhəddən istədikləri kimi keçə bilməsinlər. Bu məsələ öz həllini tapanadək ya heç bir təşkilat humanitar missiya adı altında ölkə ərazisinə daxil olmayacaq, ya da həllini tapdıqda Qarabağa gələn humanitar təşkilatlar yalnız Azərbaycanın nəzarət etdiyi sərhəddən keçməklə ölkəyə daxil ola bilərlər.
İlham İsmayıl
moderator.az