"Ana, bizi təbrik elə, artıq Şuşadayıq!". Tezliklə qələbə çalıb, sizin yanınıza dönəcəm"- deyirdi 26 yaşlı Sumqayıtlı şəhid Qubad Əliyev.
Xezerxeber.az-ın məlumatına görə, vətənpərvər igidimizin anası Nigar Əliyeva deyir ki, oğlu 44 günlük Vətən müharibəsi zamanı evdən iş adı ilə çıxıb və birbaşa könüllü olaraq cəbhəyə yollanıb.
Oktyabrın 9-da vətənin müdafiəsinə qatılıb. Qubad cəbhə bölgəsinin Qubadlı, Xocavənd, Cəbrayıl və Şuşa istiqamətində gedən ağır döyüşlərdə öz xüsusi bacarığı ilə seçilən qəhrəmanlardan biri olub. Son döyüşü Xocavənd rayonunda - Qırmızı Bazar istiqamətində Şuşaya doğru olub. Noyabrın 8-i Şuşanın azad olunması xəbərini anasına çatdıran Qubad telefon danışığınından 2 saat sonra düşmənin atdığı minamyot nəticəsində aldığı qəlbə yarasından qəhrəmancasına şəhid olub. Ölümündən 6 ay sonra ikinci oğlu dünyaya gəlib. Ona elə şəhidimizin adı verilib.
Şuşanın alınması uğrunda gedən qızğın döyüşlərdə qəhrəmanımız yoldaşları ilə birlikdə düşmənlə üzbəüz vuruşub. Qubad Əliyev noyabrın 11-də Sumqayıtın Şəhidlər xiyabanında dəfn olunub. İndi onun vətənə Elcan və Qubad adlı iki oğul övladı yadigar qalıb. 26 yaşlı qəhrəmanımız "Qubadlının azad olunmasına görə", " Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: