Erməni işğalı nəticəsində keçmiş Ağdərə rayonundan məcburi köçkün düşmüş malakanlar öz doğma kəndlərinə qayıtmaq üçün müraciət ediblər.
Bu barədə APA-ya Tərtər rayonunun Həsənqaya kənd icra nümayəndəsi İlqar Qasımov məlumat verib.
Onun sözlərinə görə, hətta onların bir qrup nümayəndəsi Tərtər rayonuna gələrək işğaldan azad edilmiş kəndlərinin xarabalıqları ilə tanış olublar: “Çar Rusiyası dövründə rayonun Göyarx kəndinə köçürülən 100-ə yaxın ailə Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusu tərəfindən etnik təmizləməyə məruz qalıb. Malakanların bir qismi Rusiya Federasiyasına məcburi köç edib, onların bir hissəsi isə ölkənin müxtəlif ərazilərində köçkün həyatı yaşayıb. Hazırda isə onlar icma vasitəsilə öz doğma kəndlərini bərpa etmək istədiklərini bildiriblər”.
Kənd icra nümayəndəsi bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra malakanların əksəriyyəti onlara müraciət ediblər: “Onlar öz doğma kəndlərinə qayıtmaq niyyətindədir. Evlərini, tamamilə dağıdılmış qəbiristanlığı bərpa etmək istəyirlər”.
İ. Qasımov qeyd edib ki, Bakı şəhərində məskunlaşmış bir neçə malakan ailəsi Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun qəbulunda da olub: “Bundan sonra malakanların işğaldan azad edilmiş kəndlərinin xarabalıqları ilə tanış olmalarına şərait yaradıldı. Onlar ermənilərin törətdikləri vandallıqları öz gözləri ilə gördülər. Malakanların qəbiristanlığı tamamilə yerlə-yeksan edilib, evləri dağıdılıb”.
O, daha bir qrup malakan ailəsinin Göyarx kəndini ziyarət edəcəyini vurğulayıb.