Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər.
EDNews.net-in məlumatına görə, dekabrın 4-də İctimai Şuranın sədri Umud Mirzəyev, katib Hafiz Səfixanov, üzvlər Rey Kərimoğlu, Şahin İbrahimov və Məhəmmədhəsən Həsənov Tərtər rayonunun işğaldan azad edilən ərazilərində ANAMA tərəfindən aparılan minatəmizləmə əməliyyatları ilə tanış olublar. ANAMA-nın əməliyyat meneceri Şahin Allahverdiyev tərəfindən indiyə qədər təmizlənən ərazilər və aşkarlanan minalarla bağlı hesabat təqdim olunub. Suqovuşan və Talış kəndlərində minaaxtaran heyətlə görüşən üzvlər onların fikir və təkliflərini dinləyib lazımi tədbirlərin görüləcəyini bildiriblər.
Səfər çərçivəsində İctimai Şuranın üzvləri Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilə görüşüb rayonda görülən işlərlə bağlı müzakirələr aparıblar.
Daha sonra Bərdə rayonunda davam edən “Partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” (PSTM) layihəsinin iştirakçıları ilə görüşən şura üzvləri layihənin gedişatı ilə tanış olublar. Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti, İctimai Şuranın sədri Umud Mirzəyev layihənin əhəmiyyətindən danışıb, bu cür vacib missiyanı könüllü şəkildə icra etdiklərinə görə onlara təşəkkür edib.
Xatırladaq ki, Avropa İttifaqının maliyyə yardımı, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin və ANAMA-nın dəstəyi ilə BAMF-ın həyata keçirdiyi PSTM layihəsi davam edir.
ANAMA yanında İctimai Şura üzvlərinin regiona səfəri bu gün başa çatıb.