“Oğlum Ələsgər Xüsusi Təyinatlı Qüvvələrin əsgəri idi. Müharibə başlayanda Kəlbəcər, Cəbrayıl, Füzuli və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etdi. Şəhidlik zirvəsinə ucalanda cəmi 21 yaşı var idi. Son məktubunda bu sözləri yazmışdı “Salam, anam və atam! İnşallah ki, yaxşısınız! Mən burada yaxşıyam, heç nədən narahat olmayın, siz yaxşı olun təki.1 il 6 ay da gəlib keçəcək. Özünüzə yaxşı baxın, hamıya salam deyin. İnşallah ki, Allah mənə şəhidlik zirvəsinə ucalmağı qismət edər. Hamınızı çox istəyirəm. Sağ olun!”. Biz hələ də onun yoxluğu ilə barışa bilmirik”
Bunu Moderator.az-a açıqlamasında şəhid Ələsgər Cavadovun anası Aytən Cavadova deyib. O daha sonra əlavə edib.
“Ələsgərin döyüş yoldaşları onun qəhrəmalığından danışanda deyirdilər ki, ona deyirdik sən evin bir oğlusan, arxada qal, qabağa keçmə. O dostlarına deyirmiş ki, mən də sizin kimi irəlidə olmalıyam. Oktyabrın 24 -ü günü sonuncu dəfə evə zəng vurmuşdu. Biz də xəstəxanada idik. Bizə bildirmədi ki, döyüşlərdədir. Bircə onu dedi ki, ana, evə getsən halva çalıb paylayarsan. Oğlum Ələsgər noyabrın 9-da Şuşa şəhərində döyüş tapşırığını yerinə yetirərkən aldığı qəlpə yarasından qəhrəmancasına şəhid olub. Ölkə başçısı Ələsgəri ölümündən sonra Cəsur döyüşçü, Vətən müharibəsi iştirakçısı, Kəlbəcərin, Xocavəndin, Şuşanın azad edilməsinə görə medalları ilə təltif edib. Kaş Ələsgər sağ olardı və onu medallarla təltif edəndə sevinərdi. Heyf ki, bu günləri o görmədi. Bir gün olsun belə onun dilindən vətən, torpaq kəlməsi əskik olmadı. Uşaqlıqdan, məktəb illərindən hərbiyə marağı olan bir uşaq idi. Həmişə deyirdi ki, mən hərbi xidmətdə olduğum müddətdə torpaqların alınmasını istəyirəm. Elə istəyirdi ki, onun da qatqısı olsun. Hələ qalıb hərbidə də işləmək istəyirdi. Mən oğlumla fəxr edirəm, o bizim başımızı uca elədi. 30 illik işğalda olan torpaqlarımızı məhz elə oğulların sayəsində biz qazandıq” deyə şəhidimizin anası bildirib.