“Hal-hazırda müalicələrim davam edir, reabilitasiya mərkəzində müalicə alıram. Həkimlər deyir ki, sərbəst yeriməyin hələ uzun bir prosesdir, çünki sinirlərimdə problemlər var. İşləmirəm, dövlət tərəfindən kəsilən təqaüdü alıram. Şükür Allaha ki, maddi durum baxımından heç bir şikayətim yoxdur və bu məbləğ dolanmağımıza kifayət edir. Müalicələrimlə bağlı olaraq Bakıda müvəqqəti kirayədə yaşayıram. Ev növbəsinə də yazılmışam, yəqin ki, vaxtı çatanda verərlər”.
Bunu Moderator.az-a açıqlamasında Vətən Müharibəsi qazisi, müharibə vaxtı əsir götürülən Amin Musayev deyib. O daha sonra əlavə edib:
“Döyüş yoldaşlarımla müntəzəm olaraq əlaqə saxlayıram, görüşürəm. Əfsuslar olsun ki, aralarında şəhid olanları da var. Döyüşə getməzdən əvvəl marketdə satıcı işləyirdim, daha sonra polis olmaq arzusu ilə yaşayırdım. Amma döyüşlərdə yaralandığım üçün yəqin ki, səhhətimlə bağlı olaraq heç vaxt polis işləyə bilmərəm. Gələcəyinə imkan olsaydı dövlət qurumlarından birində çalışmaq istərdim. Əvvəlki insan olsaydım, arzularım çox idi, amma indi ən böyük arzum əvvəlki həyata, sağlamlığıma qayıtmaqdır. İnsan həyatda başına gələnlərdən sığortalanmayıb. Hamısı Allahın əlindədir. Təbii ki, hər bir insan kimi ailə həyatı da qurmaq istəyirəm. Bu da səhhətimə bağlıdır. Şəhərə çıxıb dəniz kənarında yürüş və idman edirəm. Allah xalqımızı mənə çox görməsin, hər kəs nəsə etmək istəyir, gəlib görüşürlər. Mən əsirlikdə olanda hamının arzusu sağ-salamat vətənimə qayıtmaq idi. Bu günə qədər də mənim üçün qurban kəsirlər. Özüm də bu gün şəhidlərimizin adına keçirilən mərasimlərdə aktiv iştirak edirəm. Bu mənim borcumdur. Son nəfəsimə kimi onların yanında olacağıma söz vermişəm. Bu gün biz onların övladlarının sayəsində torpağımızda rahat gəzirik. Allah xalqımızı və insanları qorusun, bir daha müharibə olmasın, analarımızın gözü yaşlı qalmasın. Lazım gələrsə, son damla qanıma qədər yenə də vuruşmağa hazıram. Çünki biz heç vaxt bu vətənin borcundan çıxa bilmərik”, - deyə Amin Musayev deyib.
“Tanınmış şəxslərlə paylaşımlarınızı görürük, sizə maddi dəstək göstərirlər?” sualına isə qazi belə cavab verib:
“Mən heç kimdən maddi dəstək görmürəm və bunu gözləmirəm də. Mənəvi dəstək mənim üçün daha önəmlidir”, - deyə Amin Musayev bildirib.