Biləsuvarda Vətən Müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Turan Əliyevin xatirəsi ehtiramla anılıb.
Report-un Muğan bürosunun məlumatına görə, anım mərasimində ictimaiyyət nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər.
Mərasimdə qəhrəmanımızın şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb.
Tədbir zamanı T.Əliyevin yaşadığı evə vurulan xatirə lövhəsinin açılışı olub.
Qeyd edək ki, Vətən Müharibəsi şəhidi Əliyev Turan Sulduz oğlu - 1996-cı il iyulun 7-də Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub. Turan Əliyev Füzuli uğrunda döyüşlərdə şəhid olub. O, 27 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn edilib.
Turan Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" (ölümündən sonra) medalları ilə təltif edilib.