Kəlbəcərin qarlı dağlarında xidmət edən hərbçilər: "Düşməni dəmir yumruqla əzdik" - VİDEO

Kəlbəcərin qarlı dağlarında xidmət edən hərbçilər:  "Düşməni dəmir yumruqla əzdik" - VİDEO backend

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcərin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümü münasibəti ilə bu rayona mediatur təşkil edib.

KİV nümayəndələri səfər çərçivəsində Müdafiə Nazirliyinin azad edilən ərazilərində dislokasiya olunmuş bölməsinə baş çəkiblər.

Jurnalistlər əvvəl Murovdağ silsiləsinin Ömər aşırımında olublar. 3 260 metr hündürlüyü olan yüksəklik sözün həqiqi mənasında strateji əhəmiyyətə malikdir.

Məhz ötən ilin bu günü - noyabrın 25-də Müzəffər Azərbaycan Ordusunun hərbi texnikası və canlı qüvvəsi bu yolla Kəlbəcərə daxil olub.

Rayon düşməndən azad ediləndən sonra yollarda genişləndirmə işləri aparılıb. Hazırda Kəlbəcərdə fəaliyyət göstərən hərbi bölmələrimizə gediş-gəliş asanlaşıb.

Daha sonra KİV nümayəndələri Kəlbəcərdə yerləşən hərbi hissədə və Zod istiqamətində olublar.

Hərbi hissədə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Eyni zamanda əsgərlərimizin sayıqlığını, döyüş hazırlığının yüksəldilməsi üçün təlim-atış sahələri yaradılıb.

Kəlbəcərdə xidmət edən Azərbaycan Ordusunun baş leytenantı Afiq İsmayıllı "Report"a bildirib ki, hərbi qulluqçuların hər biri rayonun işğaldan azad olunmasında qəhrəmanlıqlar göstərib. O, bununla qürur duyduğunu deyib: "Ali Baş Komandanın da dediyi kimi, biz düşməni dəmir yumruqla əzdik. Ermənilər növbəti dəfə ölkəmizə qarşı torpaq iddiasına düşsələr, bu, onlara, təbii ki, baha başa gələcək.

Bildiyiniz kimi, noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları ərazisində ölkəmizə qarşı təxribat törədiblər. Lakin onların bu istiqamətdəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək istəklərini puça çıxardıq. Azərbaycan Ordusu onlara bir daha sübut etdi ki, “Dəmir yumruq” yerindədir".

Azərbaycan Ordusunun kapitanı Xəqani Məhərrəmov isə bildirib ki, ötən il qoşunlarımızla birgə Kəlbəcərə daxil olub. Onun sözlərinə görə, mənfur düşmənlərimiz burada sözün həqiqi mənasında talançılıq ediblər: “Kəlbəcər rayonu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində hərbi əməliyyatlar keçirilmədən siyasi yolla düşməndən azad edilib. Hazırda Kəlbəcərin işğaldan azad edilən ərazilərində bölmələrimiz yerləşdirilib. Burada xidmət edən şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Azərbaycan Ordusunun zabiti kimi işğaldan azad edilən ərazilərdə xidmət etməyimlə qürur duyur, fəxr edirəm.

Təbii ki, şəhidlərimiz də oldu. Xidmət etdiyim bölmədə 12 hərbi qulluqçumuz şəhidlik zirvəsinə yüksəldi. Onlardan 10-u Murovdağ istiqamətində, 2-si isə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid oldu. Ancaq çox şükürlər olsun ki, şəhidlərimizin qanı yerdə qalmadı. Biz Vətən müharibəsində bütün şəhidlərimizin qisasını layiqincə almağı bacardıq".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladıqları bəyanata əsasən Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılmalı idi.

Lakin Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirdiyi insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istədi. Ona görə də Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməklə Rusiya Prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq müddəti noyabrın 25-dək uzadıb.

İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Kəlbəcəri tərk etməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.

Belə ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəfedilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub. Bununla da 27 il işğal altında olan Kəlbəcər rayonu qəsbkarlardan azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

İşğalçı Ermənistan Silahlı Qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal etmişdi. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Diaspora