Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan Elvin Rəhimovun xatirəsi yad edilib. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli rayon Birinci Zobucuq qəsəbəsində şəhidin anım günündə ailəsi ilə bərabər rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, şəhidin döyüş yoldaşları, məktəblilər, qazilər və Birinci Zobucuq qəsəbə sakinləri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra çıxış edənlər Azərbaycan tarixinə yazılan 44 günlük Zəfər yürüşündən və şanlı Qələbədən söz açıblar. Bildirilib ki, haqq savaşı uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Elvin Rəhimovdur.
1991-ci il noyabrın 20-də Füzuli rayonunun Zərgər kəndində anadan olan Elvin iki yaşında ailəsi ilə birlikdə doğma yurdundan məcburi köçkün düşüb. Yeniyetmə çağlarında Elvin hərbi liseyə daxil olub. Daha sonra ali hərbi məktəbi bitirərək kəşfiyyatçı kimi xidmətə başlayıb. Həmçinin Elvin bir çox xüsusi təlimləri müvəffəqiyyətlə başa vuraraq Xüsusi Təyinatlı Kəşfiyyatçı olaraq Vətən keşiyində dayanıb. Elvin rus, ingilis və erməni dillərini bilirdi. Vətən müharibəsində xüsusi xidməti ilə seçilən Elvin bir çox uğurlu tapşırıqlarda iştirak edərək Füzulidən Şuşaya qədər döyüş yolu keçib. Noyabrın 4-də Şuşa istiqamətində gedən gərgin döyüşlər zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.
Qeyd edək ki, Rəhimov Elvin Ehtiram oğlu ölümündən sonra "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.