"Köhnə evi söküb yenisini tikəcəkdi" - Şəhidin yarımçıq arzuları

"Köhnə evi söküb yenisini tikəcəkdi" -  Şəhidin yarımçıq arzuları backend
Noyabrın 16-da dövlət sərhədimizdə Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun yeddi hərbi qulluqçusu şəhid olub. Onlardan biri də ordumuzun giziri Orxan Cabbarovdur. O, Qubanın Şəhidlər xiyabanında torpağa tapşırılıb.   Azvision.az xəbər verir ki, Orxan Cabbarov 1994-cü ildə Qubanın Davudoba kəndində anadan olub. Onun 6 yaşı olarkən ailəsi Qazaxıstana köçüb. 2006-cı ildə isə ailə yenidən Azərbaycana qayıdıb. Orta məktəbi bitirdikdən sonra Orxan 2013-cü ildə həqiqi hərbi xidmətə yollanıb. O, xidmətini Ağcabədidə N saylı hərbi hissədə çəkib.

Şəhid anası Zülfiyyə Cabbarova: ”Orxan üç övladımın ilki idi. Əsgərliyini başa vurub qayıtdıqdan sonra yenidən hərbidə olmaq, xidmət göstərmək istədi. Buna görə də MAXE kimi fəaliyyətə başladı. Biz onu Vətən yolunda dayandıra bilmədik. O, torpağı seçdi.

Laçında xidmət göstərirdi. Sonuncu dəfə noyabrı 15-i oğlumla danışdım. Hava küləkli olduğuna görə şəbəkə yaxşı tutmurdu. İki dəqiqədən sonra əlaqə kəsildi. Ona geri yığanda isə nömrəsinə zəng çatmadı. Danışanda elə bir kəlmə dedi ki, döyüş gedir və hər şey yaxşı olacaq”.



Ananın sözlərinə görə, Orxanın arzuları varmış.

“Subay idi. Evlənmək, ev-eşik sahibi olmaq istəyirdi. Evimiz köhnə olduğu üçün onu yenidən tikəcəkdi. Ən böyük arzusu isə ömrünün sonuna kimi hərbidə qalmaq idi. Məzuniyyətə gəlməli idi. Ailənin böyüyü idi deyə qayğımıza qalırdı. Deyirdi,”Ay ana, mən vətəni sevib bura gəlmişəm, qoy vətənimiz sakit olsun”. Çox vətənpərvər, sakit uşaq idi".

 

 

Diaspora