“Atəşkəsin pozulması ilə yaşamalıyıq, çünki bizim qonşumuz ermənidir. Ona görə də düşmənin yenidən təxribata əl atması istisna olunmur. Bunun səbəbi sülh müqaviləsinin bağlanmamasıdır. Yəni Ermənistan 10 noyabr bəyanatında göstərilən bəndlərlə yanaşı Azərbaycanın ərazi bütövlüyünü tanıyıram deməlidir”.
Bunu Bakupost.az -a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi-ekspert Şair Ramaldanov bildirib.
Onun sözlərinə görə, ermənilərin törətdiyi təxribatlar ərazilərimizi, əlverişli yüksəkliklərimizi ələ keçirmək məqsədi daşıyır:
“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına imkan verməyən qüvvələr var. Digər tərəfdən, sərhədlərin demarkasiya və delimitasiya məsələsi həll olunmayıb. Bütün dünya bilir ki, Azərbaycan Ermənistanın ərazisinə girmədən öz torpaqlarını düşməndən azad edib və buna görə sərhədlərini müəyyən edir.
Bu barədə erməni xalqı arasında maarifləndirmə aparılmır. Əksinə revanşist, təxribat yaratmaq istəyən qüvvələr ermənilər arasında bunu belə qələmə verirlər ki, guya Azərbaycan Ermənistan torpağına daxil olub. Belə yalan, təxribat xarakterli fikirlərlə erməni cəmiyyətinin beynini məhv edirlər. Ermənilər bunu istər beynəlxalq, istərsə də daxili auditoriyada bəyan edib, Azərbaycana qarşı dünyanı və erməni cəmiyyətini daha da qızışdırırlar”.
Ekspert əlavə edib ki, bu məsələdə Rusiya ikili standartlardan istifadə edir:
“Orada Rusiya sülhməramlıları var və düşünürəm ki, bu məsələdən xəbərsiz deyildi. Ancaq nədənsə günün sonuna kimi gözlədi və daha sonra vasitəçilik edərək atəşkəsə nail olunması haqqında qərar verdi. Azərbaycan tərəfi üzərinə götürdüyü öhdəçiliyi tam şəkildə yerinə yetirib. Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərdə Azərbaycanın maraqları təmin edilmir. Sülhməramlı qüvvələr neytral mövqe tutaraq, Azərbaycan ərazisində tərəflər arasında sülhün bərqərar edilməsinə yönələn addımlar atmalıdır. Lakin biz bunun tam əksini görürük. Eyni zamanda, Rusiya birbaşa Ermənistan siyasi rəhbərliyindən tələb etməlidir ki, bu təxribatlara artıq yol verməsinlər”.