Gorus-Qafan yolunda son durum: iranlı sürücülər azərbaycanlılardan razıdır, ermənilər isə yaxınlaşmır - FOTO

Gorus-Qafan yolunda son durum: iranlı sürücülər azərbaycanlılardan razıdır, ermənilər isə yaxınlaşmır -  FOTO backend

Dövlət Sərhəd Xidmətinin (DSX) Azərbaycanın Ermənistanla sərhədində, Gorus-Qafan yolunun üzərində - Qubadlının Eyvazlı kəndində yenidən qurulan nəzarət-buraxılış məntəqəsinə mediatur təşkil olunub.

"Report"un mediaturda iştirak edən əməkdaşı xəbər verir ki, nəzarət-buraxılış məntəqəsində DSX ilə yanaşı, Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları xidmət aparır.

Media nümayəndələrinə məlumat verilib ki, postdan İran İslam Respublikasına məxsus nəqliyyat vasitələri gömrük nəzarət məntəqəsindən qeydiyyatdan keçdikdən sonra buraxılır. Bildirilib ki, gün ərzində təxminən 50-ə yaxın yük avtomobili sərhəddən buraxılır.

İranlı sürücülər jurnalistlərlə söhbətində mövcud durumdan razı olduqlarını bildiriblər. Onlar qeyd ediblər ki, nəzərdə tutulan dövlət rüsumu ödənildikdən sonra rahat şəkildə yollarına davam edirlər.

Ərazidə həmçinin DSX-nin təlim keçən itlərindən də istifadə olunur.

Yenidən qurulandan və keçid üçün dövlət rüsumu tətbiq ediləndən (noyabrın 10-dan) sonra Ermənistan vətəndaşları olan sürücülər məntəqəyə yaxınlaşmayıblar. Çünki belə olacağı təqdirdə onların xarici pasportlarına Azərbaycan möhürü vurulmalıdır.

Mediatur çərçivəsində həm də Zəngilan rayonunun Qazançı kəndindəki nəzarət-buraxılış məntəqəsinə də baş çəkilib. Qeyd olunub ki, əgər Ermənistan vətəndaşları həmin məntəqədən keçmək istəməsələr alternativ yolla getmək istədikləri ünvana 3 saat əlavə vaxt itirməklə gedə biləcəklər.

Xatırladaq ki, hər iki nəzarət-buraxılış məntəqəsindən hələlik Ermənistan vətəndaşları istifadə etməyib.

Diaspora