Xəstəliyini gizlədib müharibəyə yollandı: Döyüş yoldaşını xilas edərkən şəhid oldu - FOTO

Xəstəliyini gizlədib müharibəyə yollandı: Döyüş yoldaşını xilas edərkən şəhid oldu -  FOTO backend

Deyirlər ki, yaxşı dostluğu, yoldaşlığı olub. Ətrafında olan hər kəs onunla bağlı danışanda məhz bu məsələləri xüsusi vurğulayır. Müharibədə döyüş yoldaşını xilas edərkən şəhid olur. Söhbət şəhid baş leytenant, taqım komandiri Vüsal Babayevdən gedir.

Mövzu ilə bağlı "Kaspi" qəzeti məqalə dərc edib.

Qeyd edək ki, Vüsal Sübbuh oğlu Babayev 8 yanvar 1992-ci ildə Bakının Pirallahı rayonunun Pirallahı adasında dünyaya gəlib. Həmin rayonun 186 nömrəli tam orta məktəbində təhsil alıb. Ali təhsil üçün isə seçimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi olub və 2014-cü ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirərək xidmətə başlayıb. Daha sonra baş leytenant rütbəsinə layiq görülüb. 2016-cı ildə Aprel döyüşlərinə qatılıb. 2020-ci ildə İkinci Qarabağ savaşının ilk günündən döyüşdə iştirak edənlərin sırasında olub. Vüsal Babayevin son döyüşü 2020-ci il oktyabrın 21-i Füzuli rayonunun Gecəgözlü kəndində olub. O, yaralı döyüş yoldaşını xilas edərkən yanına mərmi düşür və qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Anası Əntiqə Babayeva deyir ki, hərbiyə yönəlmək Vüsalın öz istəyi olub:

“Hələ balaca olanda musiqi dərsində sinifdəki uşaqlar başqa mahnılar oxuyardılar, Vüsal isə himnimizi ifa edirdi. Elə ondan hiss edirdim ki, vətənpərvər uşaqdır. Məktəbdə yaxşı oxuyurdu, başqa sahələri də seçə bilərdi, amma hərbini üstün tutdu”.

Ə.Babayeva bildirdi ki, oğlu çox zəhmətkeş idi:

“11-ci sinifdə oxuyanda həm məktəbə gedirdi, həm repetitor yanına, üstəlik, namaz da qılırdı. Bir gün gəlib dedi ki, iş tapmışam, işləmək istəyirəm. Atası dedi ki, bütün günü yorulursan, bir az da istirahət et. Dedi ki, yox, işləyəcəm. Boş qala bilmirdi. İlk maaşı ilə evə dondurma aldı. Çox zəhmətkeş idi”.

Atası Sübbuh Babayev qeyd edib ki, Vüsal həmişə nümunəviliyi ilə seçilib:

“Məktəbdə yaxşı oxuyurdu, tərbiyəsi də gözəl idi. Nə məktəbdən, nə qonşulardan onunla bağlı bizə şikayət edən olmayıb. Dava-şava adamı deyildi. Söyüş söyən, dava edən olanda gedib aralayırdı, sülh yaradırdı. Daim öz üzərində işləyirdi, özünü formalaşdırırdı”.

S.Babayev bildirdi ki, oğlu hər zaman çörəyi birinci başqasına verən olub:

“Döyüşdə iştirak edən əsgərləri gəlmişdi. Deyirdilər ki, yemək gələndə əvvəlcə bizim yeməyimizin verilməsinə diqqət edirdi, sonra özü yeyirdi. Özü ac qalıb başqasını yedirəcək ürəyə sahib insan idi. Dostluğu, yoldaşlığı yaxşı idi. Məktəbdə də belə olub, tələbə vaxtı da. Bir adamla küsülü qalmazdı. Hörmət qazanmışdı”.

Həyat yoldaşı Aynur Babayeva deyir ki, Vüsal çox yaxşı ailə başçısı idi:

“Vüsalı görəndə “qismətimi tapdım” dedim. Tanış olandan qısa müddət sonra evləndik. Həqiqətən də, ailədə təsəvvür etdiyim kimi biri oldu. Qayğımı çəkirdi, nəvaziş göstərirdi. Bir saat içində bəlkə 100 dəfə danışırdıq. Aldığımız nəfəsi də bir-birimizə deyirdik. Nə isə istədiyimi deyirdimsə, həvəslə “gedək alaq” deyirdi. Ciddi olsa da, evdə çox mülayim idi. Evin qapısını açan kimi qızlarımızı çağırırdı, hərəsini bir qoluna alıb otağa girirdi. Həmişə bu mənzərəni görəndə deyirdim ki, Allah, mənim ömrümdən kəs, ona ver, bu uşaqlar onunla nəfəs alırlar. Mən ondan beş yaş böyük idim, həmişə zarafat edirdi ki, sən yaşlanıb qocalacaqsan, amma mən qocalmayacam”.

A.Babayeva bildirdi ki, Vüsal həm də onun ən yaxın dostu olub:

“Ata-anama deyə bilmədiklərimi belə ona rahatlıqla danışırdım. Nəyisə ona deməkdən çəkinmirdim. İndi çox əziyyət çəkirəm, çünki heç kəslə onun qədər rahat danışa bilmirəm. Uşaqları məktəbə qoyandan sonra hər gün qəbri üstünə gedirəm, orada şəkli, qəbri ilə danışıram”.

A.Babayevanın sözlərinə görə, Vüsal əsgərlərinə həmişə həssas yanaşırdı:

“Əsgərlərinə, işinə çox bağlı idi. Əsgərlərini çox istəyirdi. İşə aparmaq üçün Vüsala yemək qoyurdum. Onu da əsgərləri ilə bölürmüş. Vüsal şəhid olanda əsgərləri bizə gəlmişdilər, deyirdilər ki, biz hamımız sizin bişirdiyiniz yeməkdən yemişik. Son tikəsini bölməyi bacarırdı, uşaqlara da bunu öyrədirdi. Bayramlarda deyirdi ki, filan əsgərin ata-anası yoxdur, filan əsgərin valideynləri gələ bilməyəcək, onlara da bayram payı qoy. Sağlamlıqları ilə bağlı nə isə xırda bir problem yaransa, narahat olurdu, tez nə isə etməyə çalışırdı. Əsgərləri deyirlər ki, Vüsal bizə ata qayğısı göstərirdi. Həmişə deyirdi ki, mən Polad Həşimov kimi olacağam, əsgərlərimə də onun kimi yanaşacağam. İşi ilə bağlı daim oxuyurdu, öyrənirdi, araşdırırdı, yüksəlmək istəyirdi”.

A.Babayeva deyir ki, Vüsal sağlamlığı ilə bağlı problemdən dolayı müharibədə iştirak etməyə bilərdi, amma o, bunu gizlədib döyüşə yollanır:

“Normalda qanda trombosit sayı 150-450 min arası olur, amma onda 63 min idi. Güclü yeməklər, davamlı müalicələrlə onun qanında trombosit sayını 80 minə qaldırırdıq. Ancaq bu da qanda laxtalanmanın çox zəif olması deməkdir. Döyüşdə şəhid olmasa, yaralansaydı belə, həyatda qalma ehtimalı çox az idi. Sağlamlığındakı problemlə bağlı əlində sənəd var idi, onu göstərib, əslində, döyüşə getməməli idi. Amma sənədi evdə gizlədib getdi. Vüsal bilirdi ki, döyüşdən qayıdan deyil, bunu bilərək gedirdi. Əsgərləri döyüşdə olanda o, evdə qala bilməzdi”.

A.Babayeva bildirdi ki, Vüsal yaxınlarına narahatlıq verməmək üçün əlindən gələni edib:

“Aprel döyüşləri ərəfəsində telefonla danışırdıq, deyirdi ki, Bakıda hərbi hissədəyəm. Aprel döyüşləri bitəndən, evə gələndən xeyli vaxt sonra dedi ki, mən döyüşlərdə iştirak etmişdim. İkinci Qarabağ Döyüşündə də daim hər şeyin yaxşı olduğunu deyirdi. Şəhid olduğu gün danışanda dedi ki, plov yemişəm, yerimiz də istidir, narahat olmayın. Sonradan yoldaşları danışdılar ki, 21-i də daxil olmaqla öncəki dörd gün yemək filan gəlmədi, torpaqda yatmışıq”.

Qeyd edək ki, baş leytenant Vüsal Babayev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

A.Babayeva qeyd etdi ki, şəhidin balaca qızları Selcan və Ruqiyyənin dilindən ataları düşmür. “Ata filan sözü demişdi”, “Ata belə eləmişdi”, “Ata bizi qucağına belə götürmüşdü” və s. Onlar atalarından söz düşəndə “Atam ölməyib, şəhid olub” deyirlər. Bəli, ataları ölməzlik zirvəsi olan şəhidliyə ucalıb və daim nəinki övladlarının, yaxınlarının, bütün xalqın qəlbində yaşayacaq.

Diaspora