Axtarışa verdiyimiz Peqov Şuşanın Laçın dəhlizinə yaxın kəndinə gəldi...- VİDEO

Axtarışa verdiyimiz Peqov Şuşanın Laçın dəhlizinə yaxın kəndinə gəldi...- VİDEO backend

“Kremlin, "QRU"-nun  məsləhəti və Rusiya hərbi kontingenti komandanlığının icazəsi olmasa, axtarışa verdiyimiz Peqov Azərbaycanın bu kəndlərinə ayağını da basa bilməz...”

 

“Məqsəd açıq-açığına artıq 1988-1991-ci illərdə terrorçu bazası olmuş bu kənddəki erməniləri də Şuşadakı Norayr Mirzoyan kimi Azərbaycan əsgərlərinə terror hücumu təşkil etməyə ruhlandırmaqdır...”

 

“Bəs Azərbaycan və Türkiyə jurnalistlərinə niyə Laçın dəhlizi ərazisindən reportaj hazırlamağa icazə verilmir...”

 

Rusiyanın  ermənipərəst “Wargonzo” layihəsinin aparıcısı, 44 günlük savaş boyu təxrubatçı reportajlarına görə Azərbaycan dövlətinin İnterpolla axtarışa verdiyi Peqov Şuşadakı məlum terror olayından sonra həmin rayonun Laçın rayonun kəndləri ilə qonşuluqda yerləşən Aşağı Qaladərəsi kəndinə gedib.

 

Moderator.az xəbər verir ki, bu haqda təxribatçı aparıcının özü sosial şəbəkələrin erməni seqmentində paylaşım edib. 

 

“Son həftə ərzində cərəyan edən Şuşa yaxınlığında baş verən hadisələrlə bağlı Şuşa rayonunun cəbhə xəttinə getdik.

“Xin Şen(Kiçik Qaladərəsi) kəndində Azərbaycan blok-postundan sözün həqiqi mənasında cəmi 600 metr aralıda işləməli olduq (fotoda həmin post düz yuxarıda - Böyük Vətən Müharibəsi abidəsinin arxasında görünür-Peqov).

 

Azərbaycan Silahlı Qüvvələrinin atəşi altında olan yaşayış məntəqələrinin həyatından xüsusi reportaj hazırlayırıq”- Peqov belə yazır.

 

Şuşa-Laçın yolu vasitəsilə Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə gələn təxribatçı daha sonra Kişik Qaladərəsinə gəlib çıxır. Rusiya hərbçilərinin də postu olduğu və bayraqlarının göründüyü kənddə separatçı-terrorçu rejimin əski parçası da görünür... Kənddəki qanunsuz "icma nümayəndəliyinin" binası üzərində erməni dili ilə yanaşı, ruc dilində də yazılar var...

 

Peqovun ermənilərlə söhbətindən bəlli olur ki, onlar Rusiya prezidenti V.Putinə Qarabağda ermənilər yaşayan kəndlərə, o cümlədən bu kəndə yaxın mövqelərdəki Azərbaycan hərbçilərinin xeyli geri çəkilməsini təşkil etmək xahişi ilə məktub ünvanlayıb...

 

Rusiyalı aparıcı onu da bildirib ki, gələcəkdə, yəni 3 il ərzində Laçın rayon mərkəzindən kənardan keçəcək yeni yolun məhz Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndləri ərazisindən çəkilməsi planlaşdırılır...

 

Xatırladaq ki, Şuşadakı terror olayından bir neçə gün öncə Semyon Peqov  Şuşa və Ağdam yaxınlığındakı erməni terrorçu birləşmələri haqqında reportaj hazırlamışdı...

 

Zəruri xatırlatma və şərh : 

 

Söhbət Azərbaycan Respublikasının Şuşa rayonunun sovet dövründə “Kirov” adlandırılan və  Laçın rayonunun Şuşa- Laçın yolundan bir neçə kilometr məsafədə yerləşən Ağanus kəndi ilə qonşu olan “Kiçik Qaladərəsi” kəndindən gedir.  XIX əsrin ortalarından Çar Rusiyası imperiyası tərəfindən həmin əraziyə köçürülmüş ermənilər sovet dövründə də 1991-ci ilin mayınadək həmin kəndlə yanaşı, yaxınlıqdakı Böyük Qaladərəsi(“Mets Şen”), Salatınkənd(“Yeksaox”)  kəndlərində də yaşayıblar. Özü də o dövr üçün yetərincə normal, hətta azərbaycanlılardan yaxşı... Təəssüf ki, 1988-ci ildən bəri adı çəkilən kəndlər, o cümlədən əsasən Kiçik Qaladərəsində Ermənistandan və xaricdən gələn və onları dəstəkləyən yerli ermənilərdən ibarət terrorçu dəstə və bazaları formalaşmağa başlayıb. 1990-cı ilin oktyabrında qonşuluqda yerləşən Laçın rayonunun Ağanus kənd sakini Təvəkkül Məhərrəmovu, 1991-ci ilin yanvarında jurnalist Salatın Əsgərova və yüksək rütbəli rus hərbçilərini və s. qətlə yetirən dəstənin başçısı Arno Mkrtıçyan məhz Kiçik Qaladərəsində məktəb direktoru olan Mişa Mkrtıçyanın oğlu olub...  

 

Şuşanın Kiçik Qaladərəsi kəndinə gəlmiş jurnalistin  bəhs etdiyi və  fotolarda görünən yüksəklikdə  son aylarda, yəni Vətən müharibəsindəki qələbəmizdən sonra Azərbaycan hökuməti tərəfindən  “Azersel” mobil rabitə qülləsi qurulub. Həmin qüllə ətrafında bir qrup Azərbaycan hərbçisi keşik çəkir. Dəniz səviyyəsindən 1784 metr hündürlükdə olan bu yüksəklik, ərazidəki hündür qayalığa görə “Ağdaş” adlanır və Laçın rayonunun Ağanus kəndi ərazisinə aiddir. Strateji əhəmiyyətə malik həmin yüksəklikdən Şuşa-Laçın, Qubadlı-Laçın yollarına, Şuşanın adı çəkilən və digər kəndlərinə, eləcə də Laçın şəhərinə nəzarət etmək mümkündür. Sovet dövründən Laçın və Şuşa rayonları, yəni həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasındakı şərti sərhəd xətti məhz  Ağdaş yüksəkliyindən keçirdi...

 

Onu da əlavə edək ki,  Ağanus kəndinin Qubadlı-Laçın yolunun üzərində yerləşən  və “Turşsu” adlanan cənub hissəsi Rusiya hərbi kontingentinin nəzarət etdiyi Laçın dəhlizi ərazisinə düşsə də(kəndin həmin girişində Rusiya hərbçilərinin nəzarət-buraxılış postu yerləşir)  kəndin şimal hissəsi, həmçinin Ağdaş yüksəkliyi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olmalıdır...  

 

Hələ avqust ayında  Moderator.az Kiçik Qaladərəsindəki ermənilərin guya  bəhs edilən yüksəklikdə yerləşən Azərbaycan bazasının “mülki əhalinin həyatı, fiziki və əqli toxunulmazlığı üçün bilavasitə və danılmaz təhlükə yaratması”ndan şikayət etməsindən yazmışdı(bax: )

Bunun çox güman ki,  dolayısıyla Rusiya  Müdafiə Nazirliyinin planı olmasını, əsl məqsədin Azərbaycan hərbçilərini Ağdaş yüksəkliyindən kənarlaşdırıb oraya “sülhməramlı” adlanan hərbi kontingenti yerləşdirmək olduğunu da bildirmişdik.  Onsuz da 10 noyabrdan bəri Rusiya hərbi kontingenti tədricən Laçın dəhlizindəki məsuliyyət zonasını genişləndirməkdədir...

 

Bu gün isə Rusiyanın provakator jurnalisti Peqov Şuşanın sözügedən kəndinə gələrək buradakı erməni əhalinin Azərbaycan ordusunun atəşi altında olduğunu vurğulayır... Məqsəd açıq-açığına artıq 1988-1991-ci illərdə terrorçu bazası olmuş Aşağı Qaladərəsi kəndindəki erməniləri də Şuşadakı Norayr Mirzoyan kimi Azərbaycan əsgərlərinə terror hücumu təşkil etməyə ruhlandırmaqdır... Hər kəsə aydındır ki, Kremlin, "QRU"-nun  məsləhəti və Rusiya hərbi kontingenti komandanlığının icazəsi olmasa, axtarışa verdiyimiz Peqov Azərbaycanın bu kəndlərinə ayağını da basa bilməz...

 

Yeri gəlmişkən, bir məsələni də qaldırmaq gərəkdir: “Azərbaycanın axtarışa verdiyi təxrubatçı Peqov oraya buraxılırsa, bəs Azərbaycan və Türkiyə jurnalistlərinə niyə Laçın dəhlizi ərazisindən reportaj hazırlamağa icazə verilmir?..”

Diaspora