Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Orxan Bağırovun “Qarabağın hava qapısı açılır: Füzuli hava limanının gələcək perspektivləri” başlıqlı məqaləsi ABŞ-ın nüfuzlu Ceymstaun Fondunun “Eurasia Daily Monitor” jurnalında nəşr edilib.
Məqalədə əsas diqqət Füzuli aeroportunun Azərbyacanın, xüsusilə də Qarabağın inkişafında və Azərbaycanın nəqliyyat habı kimi regionda mövqeyinin möhkəmlənməsində oynayacağı rola yetirilib.
İlk olaraq Füzuli aeroportunun açılması və onun fəaliyyət imkanları haqqında məlumat verilib və qeyd edilib ki, aeroportun Füzuli rayonunda açılması rayonun strateji coğrafi mövqeyə malik olması ilə bağlıdır. Yeni aeroport Füzuli şəhərini Qarabağın əsas girişinə çevirəcəyindən şəhər Qarabağın “hava qapısı” hesab edilir.
Sonra məqalədə Füzuli aeroportunun əhəmiyyətini artıran digər faktor kimi onun Qarabağı ətraf ərazilərlə bağlayan yollara çıxışının olması və yaxınlığında yerləşməsi göstərilib. Daha sonra Əhmədbəyli-Füzuli-Şuşa yolunun aeroporta birbaşa bağlanması, Füzuli-Ağdam yolunun əsasının qoyulması, Füzuli-Hadrut və Füzuli-Cəbrayıl yolları üzərində də tikinti işlərinin davam etməsi diqqətə çatdırılıb.
Daha sonra ən vacib amil kimi Füzuli aeroportunun Zəngəzur Koridorunun bir hissəsi olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil və Horadiz-Zəngilan-Ağbənd dəmir yollarına çıxışının olması göstərilib. Diqqətə çatdırılıb ki, yeni aeroportun qeyd edilən yollara çıxışının olması onu regional multimodal nəqliyyat qovşağına çevirəcək və nəticədə Füzuli aerorpotu Qarabağda davam edən bərpa prosesində və Qarabağın Azərbaycanın iqtisadiyyatına inteqrasiyasında əhəmiyyətli rol oynayacaqdır.
Bundan başqa məqalədə Füzuli aeroportunun regiona səfər edən turistlər üçün əsas səyahət məntəqəsinə çevrilməsi imkanlarının çox olması, daha geniş mənada aeroportun regionun burada marağı olan ölkələr üçün əlçatanlığını artıracağı, xarici şirkətlər üçün Qarabağın cəlb ediciliyini artıracağı və Azərbaycanın regional nəqliyyat habı kimi mövqeyinin möhkəmlənəcəyi diqqətə çatdırılıb.
https://jamestown.org/program/the-karabakh-air-gate-opens-future-prospects-for-fuzuli-airport/