Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Səməd Kərimlinin və Elməddin Əlizadənin xatirəsi Bilasuvarda ehtiramla anılıb.
Report-un Muğan bürosunun məlumatına görə, mərasimdə ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mərasimdə qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq xatirələri anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaq.
Tədbir zamanı qəhrəman şəhidlərimizin yaşadığı evə vurulan xatirə lövhələrinin açılışı olub.
Qeyd edək ki, Vətən Müharibəsi şəhidi Kərimli Səməd İkram oğlu 16 dekabr 2000-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində orduya qoşularaq Cəbrayıl, Füzuli və Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə vuruşur. 8 noyabrda Şuşa şəhəri uğrunda gedən döyüşdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
S.Kərimli 9 noyabr 2020-ci il tarixində Əliabad kənd məzarıstanlığında dəfn edilib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Səməd Kərimli ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunur.
Vətən Müharibəsi şəhidi Əlizadə Elməddin Sübhi oğlu 11 mart 1997-ci ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. E.Əlizadə 2015-ci ilin payızında həqiqi hərbi xidmətə çağırılıb və 2016-cı ildə hərbi xidmətdə olarkən Aprel döyüşlərində düşmən hücumunun qarşısının alınmasında iştirak edib. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsinə könüllü olaraq qoşulub, Füzuli, Xocavənd rayonları istiqamətində və Şüşa şəhəri uğrunda gedən döyüşlərdə vuruşub və 9 noyabrda Şuşa şəhərində düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
E.Əlizadə Biləsuvar rayonu Zəhmətabad kənd məzarıstanlığında dəfn edilib.
O, Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.