Tovuzda Vətən müharibəsi şəhidinin xatirəsini əbədiləşdirən bulaq kompleksinin açılışı olub

Tovuzda Vətən müharibəsi şəhidinin xatirəsini əbədiləşdirən bulaq kompleksinin açılışı olub backend

Tovuz rayonunun Dönük Qırıqlı kəndində 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Sultanov Nurlan Yaşar oğlunun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.

Report-un Qərb Mərkəzinin məlumatına görə, mərasimdə şəhidin yaxınları, qazilər, N.Sultanovun hərbçi yoldaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri iştirak ediblər. Çıxış edənlər şəhidin şərəfli həyat yolundan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs ediblər. Xatirə bulağının açılışında məktəblilər Zəfər Gününə, Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndiriblər.

Qeyd edək ki, Nurlan Yaşar oğlu Sultanov 1999-cu il mayın 31-də Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olub. 2019-cu ildə kollec təhsilini başa vurub və həmin ilin oktyabrında həqiqi hərbi xidmətə gedib. Azərbaycan Ordusunun əsgəri N.Sultanov 2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimiz tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. N.Sultanov noyabrın 4-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə N.Sultanov ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Diaspora