Doğum günü olan şəhidlər - FOTO

Doğum günü olan şəhidlər - FOTO backend

Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan 11 şəhidimizin doğum günüdür.

MAHHXHQ əsgər Cəfərov Mübariz Qulu oğlu 1983-cü ildə Goranboy rayonunda doğulub. 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində iştirak edən qəhrəmanımız Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.

M.Cəfərov 19 oktyabrda düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Mübariz Cəfərov ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Əsgər Ədilov Səid Həsən oğlu 1994-cü ildə Bərdə rayonunun Cəyirli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakı şəhərində hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmətini başa vurub.

2020-ci il sentyabrın 21-də Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü olaraq təlimlərə çağırılıb. O, sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib.

Qəhrəmanımız 2 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlər zamanı Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Nəşi 61 gündən sonra ailəsinə təhvil verilən şəhidimiz 2020-ci il dekabrın 3-də Bərdə şəhərinə gətirilib və Şəhidlər Xiyabanında dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Səid Ədilov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Kapitan Əliyev Fəzail Cahan oğlu 1990-cı ildə Zaqatalada anadan olub. 1996-cı ildə şəhid Ələddin Cavadov adına Bəhmətli kənd tam orta məktəbinə gedib. 2004-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseydə 3 illik hərbi təhsilini başa vurub.

2007-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub və oranı müvəffəqiyyətlə bitirib.

2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində bölük komandiri kimi iştirak edən Fəzail Əliyev verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirib. Kapitan Fəzail Əliyev Vətən müharibəsinin üçüncü günü Füzulinin Qaraxanbəyli kəndində şəhid olub.

Şəhidimiz sentyabrın 30-u Zaqatala rayonunda torpağa tapşırılıb. Onun Vətənə əmanət iki övladı qalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Fəzail Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Baş leytenant Emnalıyev Orxan Eyvaz oğlu 5 noyabr 1994-cü ildə Tovuz rayonunun Aşağı Mülkülü kəndində anadan olub. 2001-2012-ci illərdə Aşağı Mülkülü kənd tam orta məktəbində, 2013-2017-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb.

O, 2017-ci ildə “leytenant” hərbi rütbəsi altında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. 2019-cu ildən xidmətini “baş leytenant” rütbəsi ilə davam etdirib. 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsində Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda tankçı kimi iştirak edib. Oktyabrın 25-da Qubadlı döyüşləri zamanı Orxanın idarə etdiyi tank vurulub və o, qanitirmədən şəhidlik zirvəsinə yüksəlib. Doğulduğu Tovuz rayonu Aşağı Mülkülü kəndində dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Orxan Emnalıyev ölümündən sonra “Vətən uğrunda”, "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

MAHHXHQ əsgər Kəlbəliyev Mirkazım Firuz oğlu 1992-ci ildə Bakıda anadan olub. 172 nömrəli tam orta məktəbdə təhsil alıb. O, müddətli həqiqi hərbi xidmətə çağırıldıqdan sonra hərbiyə olan marağından dolayı MAHHXHQ kimi xidmətini davam etdirib.

Tərtər rayonunun N saylı hərbi hissəsində xidmət edən qəhrəmanımız 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı ən qızğın döyüşlərdə iştirak edərək döyüş tapşırıqlarını uğurla yerinə yetirib.

Şəhidimiz Müşfiqabad qəbiristanlığında Şəhidlər üçün ayırılan ərazidə torpağa tapşırılıb. Onun vətənə əmanət iki övladı yadigar qalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Mirkazım Kəlbəliyev ölümündən sonra “Vətən uğrunda”, "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Əsgər Məmmədov Tural Taryel oğlu 1999-cu il noyabrın 5-də Daşkəsən şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edən T.Məmmədov Şuşada döyüş tapşırıqlarını yerinə yetirən zaman noyabr ayının 9-da şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Tural Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHHXHQ əsgər Mövsümov Səyyad Mübariz oğlu 2000-ci ildə Salyan şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində pulemyotçu kimi xidmət edən qəhrəmanımız Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşub. Sentyabrın 28-də elə Talış-Suqovuşan istiqamətində verilən döyüş tapşırıqlarını yerinə yetirən zaman şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Səyyad Mövsümov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Əsgər Mustafayev Merik Musa oğlu 1995-ci il noyabrın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 2002-2011-ci illərdə Birinci Şıxlı kənd tam orta məktəbində təhsil alıb. 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılan qəhrəmanımız N saylı hərbi hissədə xidmət edib.

O, 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib.

Oktyabrın 26-da Füzuli uğrunda gedən döyüşlər zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Merik Mustafayev ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Nəcəfov Fərid Fərman oğlu 2001-ci ildə Ağsu rayonunda dünyaya gəlib. 2020-ci il sentyabr ayının 27-də başlanan Vətən müharibəsində iştirak edən qəhrəmanlarımız oktyabr ayının 10-da döyüş tapşırıqlarını yerinə yetirən zaman şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Fərid Nəcəfov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallar ilə təltif edilib.

Leytenant Niftəliyev Ceyhun Bahadur oğlu 1972-ci il noyabrın 5-də Göygöl şəhərində anadan olub. O, 2020-ci il sentyabr ayının 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.

Ceyhun Niftəliyev sentyabrın 29-da Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz Göygöl şəhərində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Ceyhun Niftəliyev ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Kiçik gizir Zeynallı Aqil Aydın oğlu 1995-ci il noyabrın 5-də Sabirabad rayonunun Axtaçı Muğan kəndində anadan olub. M.Məlikov adına Şəhriyar kənd tam orta məktəbini bitirib. 2014-cü ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə yollanaraq Qazax şəhərində yerləşən əlahiddə bölmələrdə xidmət göstərib.

Hərb sahəsinə olan marağı onu MAHHXHQ kimi xidmətini davam etdirməyə sövq edir. O, Bakı şəhərində yerləşən N saylı hərbi hissədə qulluq etməyə başlayır. XTQ sıralarına qəbul olunan qəhrəmanımız 2017-ci ilin sonundan etibarən xidmətinə başlayır.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə savaşıb. Aqil Zeynallı oktyabr ayının 29-da Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz Sabirabad rayonunun Axtaçı Muğan kəndində dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Aqil Zeynallı ölümündən “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şücaətə görə” medalları ilə təltif edilib. (oxu.az)

Diaspora