“Birinci Qarabağ müharibəsi olmayıb, bu, yalandır”. Xalq yazıçısı Çingiz Abdullayevin bu fikri artıq iki gündür ki, sosial şəbəkələrdə, mətbuatda ciddi tənqid obyektinə çevrilib. Xatırladaq ki, yazıçı bu sözləri Sumqayıtda oxucuları ilə görüşündə deyib. Belə ki, o, oxucularından “birinci Qarabağ müharibəsi” ifadəsini işlətməməsini xahiş edib: “Birinci Qarabağ müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır. Ermənilər sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb. Xocalıya girən 366-cı alayda komandirlərin hamısı erməni idi. Əsl müharibə indi olub. 44 günlük müharibə ki, bizim müstəqil ordumuz olub, komandiri olub”.
Səsləndirdiyi fikrə görə sərt reaksiyalarla qarşılaşan Çingiz Abdullayev sonradan unikal.org-a açıqlama verərək, fikirlərinin təhrif olunduğunu bildirib: “Qoy tənqid eləsinlər. Mən elə deməmişəm. Demişəm ki, ermənilər sovet qoşunlarını pulla alaraq bizim torpaqlarımızı işğal ediblər. Mənim qardaşım da həlak olub”.
Qarabağ qazisi, Qaziler.az saytının rəhbəri Rey Kərimoğlu “Yeni Müsavat”a deyib ki, Birinci Qarabağ müharibəsinin qaziləri və şəhid ailələri Çingiz Abdullayevin dediklərini qəzəblə qarşılayıblar: "Gəncədən tutmuş, bütün rayonlardan yüzlərlə zəng gəlir ki, “Çingiz Abdullayev niyə o cür fikirlər səsləndirib”. Qazilər Birliyi olaraq hər kəsi səbirli olmağa çağırırıq. Lakin bu adam Azərbaycan dilində danışa, düşünə bilmir. Çox güman ki, ondan irəli gələrək bu cür fikirlər səsləndirib. İnsan nə qədər düşüncəsiz olar ki, belə bir ifadə işlətsin. Birinci Qarabağ müharibəsində 18.500 nəfər şəhid olub, 3700 nəfər itkin düşüb, 39.500 nəfər yaralanıb və onlardan təxminən 12 min nəfəri Qarabağ müharibəsi əlili statusunu alıb, xeyli sayda milli qəhrəmanlarımız olub. İndi çıxıb bu cür açıqlama vermək ayıb deyilmi? Bu nə danışıq, nə davranışdır?
Rey Kərimoğlu: “Bu, sırf erməni siyasətinə, düşüncəsinə xidmət edən mövqedir”
Bu, sırf erməni siyasətinə, düşüncəsinə xidmət edən mövqedir. Ümumiyyətlə, son dövrlər Birinci Qarabağ müharibəsinin qazilərinə, şəhid ailələrinə qarşı çox böyük haqsızlıqlar var. Qazilər hara şikayət edirlərsə, ona bildirirlər ki, “yalnız Vətən müharibəsi iştirakçıları müraciət edə bilər” və sairə. Əlbəttə ki, Vətən müharibəsi qazilərinin, şəhid ailələrinin yarası təzədir, çox istəyirik ki, onların hamısının şikayətlərinə baxılsın, daim diqqətdə olsunlar. Lakin Birinci Qarabağ müharibəsi qaziləri olaraq elə bir kobud davranış görürük, bu heç cür məmura, dövlətə yaraşan deyil. Beləliklə, biz Çingiz Abdullayevdən üzrxahlıq gözləyirik. Onun yaşı-başı, tutduğu mövqe bu cür danışmağa haqq vermir. Bəlkə də demək istədiyini baş-ayaq deyib. Lakin istənilən halda həmin fikirləri o dövrün şəhid və qazilərinə qarşı hörmətsizlikdir. Hər birimiz bundan çox narahat olmuşuq. Açıqlama versin ki, “fikrimi düzgün ifadə etməmişəm və bütün qazilərdən, şəhid ailələrindən üzr istəyirəm”".
Nurəddin Xoca: “O, 20 min şəhid verən milləti həyasızcasına təhqir edib”
Birinci Qarabağ müharibəsi qazisi, “Bozqurd” batalyonunun komandiri və Teref.az saytının baş redaktoru Nurəddin Xoca da məsələyə qəzəblə reaksiya verib: “Çingiz Abdullayev, sadəcə, o cür fikir səsləndirməklə yaltaqlıq etmək istəyib. O, hələ Ukrayna, Yanukoviç haqqında kitab yazanda yaltaqlığını üzə çıxartmışdı. İndi də yaltaqlıq etməyə çalışıb. Lakin yaltaqlığı elə bir həddə çatıb ki, 20 min şəhid verən milləti təhqir edir. Necə yəni Birinci Qarabağ müharibəsi olmayıb? Onda belə çıxır ki, şəhid olanlar özləri özlərini öldürüb? Deyir ki, ordumuz olmayıb. Necə yəni olmayıb?! Ən birinci 701 nömrəli batalyon 1991-ci ilin oktyabr ayında andiçmə mərasimi keçirib. Doğrudur, ordumuzun texnikası, gücü zəif olub, amma olub axı! Həmçinin ordumuzda könüllü dəstələr də olub. İndi çıxıb utanmaz-utanmaz, həyasızcasına belə bir fikir deyir. İş burasındadır ki, dediyindən başqa məna da çıxartmaq olmur. Dediyini tam olaraq çatdırıb. Dediyindən belə çıxır ki, müharibə yalnız Vətən müharibəsində olub, Birinci Qarabağ müharibəsində isə yalnız uşaqlar olub, onlar da ”raqatka" atıb. Deyir ki, qardaşı da şəhid olub. Demək ki, müharibə, savaş olub ki, qardaşı da şəhid olub. İndi çıxıb üzr istəsə, nə olacaq, istəməsə, nə olacaq? Artıq fikrini deyib, içindəkini töküb ortalığa və bütün Azərbaycan millətini, şəhidlərini təhqir edib!"
Birinci Qarabağ müharibəsində hər iki ayağını itirmiş, qardaşı və digər doğmaları şəhid olmuş qazi Bəhruz Camalov da məsələyə münasibət bildirib. Qazi Xalq Yazıçısının üzr istəməsini tələb edib: “Necə Birinci Qarabağ müharibəsi olmayıb ki, həmin müharibədə o qədər şəhidlərimiz, 15 minə yaxın qazimiz olub. Mən şəxsən iki ayağımı itirmişəm, qardaşım və digər çox sayda doğmalarımız şəhid olub. Bu bizim üçün təhqirdir. Çingiz Abdullayev təkcə bizdən deyil, bütün respublikadan üzr istəməlidir. Efirə çıxıb deməlidir ki, ”bağışlayın, səhv etmişəm". Ən azından bu sözü deməlidir. Adam düşünür ki, görəsən, müharibə olanda bu, harada olub? Yenə sıradan bir şəxs olsaydı, yenə deyərdik ki, dünyagörüşü yoxdur, savadı çatmır, ağlı kəsmir və ya Azərbaycandan xəbərsizdir. Amma axı bu xalq yazıçısıdır və deyir ki, müharibə olmayıb. Bu heç bir ağla, məntiqə sığmayan fikirdir!"
Rüxsarə Cumayeva: “Azərbaycanın həmin dövrdə çox igid, mərd oğlanları olub, kimsə onların haqqına girə bilməz!”
Qarabağ qazisi, “Tutu” ləqəbli Rüxsarə Cumayeva da xalq yazıçısına öz etirazını bildirib: “Birinci Qarabağ müharibəsi dövründə silahı, tankı olmayan, əli yalın xalq mərdliklə düşmənə qarşı döyüşürdü, özü də təkcə ermənilərə qarşı deyil, 5 xarici dövlətə qarşı. Əgər indiki texnika o dövrdə bizdə olsaydı, Azərbaycanın bir qarış torpağı əlimizdən getməzdi. Yeddi adama bir top, bir tüfəng düşürdü, amma onlar döyüşürdü. Kimsə onların haqqına girə bilməz! Azərbaycanın həmin dövrdə çox igid, mərd oğlanları olub”.
“Yeni Müsavat”