Ağdamda iki yarımstansiya və regional idarəetmə mərkəzində işlər tamamlanmaqdadır.
“Azərenerji” ASC-dən verilən məlumata əsasən, yaxın zamanda işğaldan azad edilən Ağdam rayonunda öz işığımız yanacaq.
Bildirilib ki, Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədi ilə 2 yerdə 110/35/10 kilovoltluq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyaları tikilir.
Digər rayonlardan fərqli olaraq burada iki yerdə 110 kilovoltluq yarımstansiyaların tikilməsi Ağdam ərazisinin böyük olması və rayonda iri həcmli layihələrin gerçəkləşəcəyi nəzərə alınaraq inşa edilir.
“Ağdam-1” yarımstansiyası rayon mərkəzinin girişində, keçmiş avtovağzalın yanında, “Ağdam-2” yarımstansiyası isə rayonun Şelli kəndi istiqamətində inşa edilir.
Qeyd edək ki, “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına “Xındırıstan” yarımstansiyasından 35 km məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Demək olar ki, xəttin tarssası tam minalanmış ərazidən keçib və bəzi yerlərdə bir neçə metr enində cığır açılaraq mina təmizləyənlərlə energetiklər paralel şəkildə öz işlərini görüblər. Ən əsası isə yeni çəkilən 35 kilometr məsafəli xəttin və üstəlik Ağcabədidən Xındırıstana qədər 28 kilometr məsafədə 110 kV-luq xətt üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiberoptik kabel çəkilib.
“Ağdam-1” yarımstansiyasının ərazisində Avtomatik İdarəetmə Mərkəzi ilə yanaşı “Azərenerji”nin Qarabağın regional xüsusi təyinatlı maşın-mexanizmlərinin nəqliyyat sahəsi, texnika və avadanlıqlarının təmir sahələri də tikilir və bütün işlər yaxın müddətdə yekunlaşdırılacaq.