Vətən müharibəsi şəhidi Ənvər İmanov cəmi iyirmi bir il yaşayıb. Müharibənin ilk günlərindən ordu sıralarında Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlının azad edilməsi uğrunda əməliyyatların fəal iştirakçılarından olub, növbəti döyüş tapşırığını yerinə yetirmək üçün kəşfiyyata getdiyi Xankəndi ətrafında düşmənlə qeyri-bərabər döyüşdə şəhidlik zirvəsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bunlar şəhid Ənvər Emin oğlu İmanovun ömrünün son 32 gününün - döyüş yolunun əsas fraqmentləridir.
Şəhidin anası Mədinə İmanova söhbətə 21 il əvvəldən başlayır: “Ənvər evin böyük oğlu idi. O, 1999-cu il yanvarın 11-də anadan olub, 2016-cı ildə Sumqayıtdakı 41 saylı tam orta məktəbi bitirib. Bir il sonra - 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Balam hərbçi peşəsini çox sevirdi və buna görə də xidmətdən qayıtdıqdan sonra sənədlərini Müdafiə Nazirliyində - Hərbi Polisdə işə qəbul olunmaq üçün təqdim etdi. Oktyabrın 15-dən sonra işə çıxmalı idi”.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazidə genişmiqyaslı təxribatlar törətməsi və mülki əhalini atəşə tutması düşmənə qarşı adekvat cavabın verilməsini şərtləndirdi. Vəziyyətlə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə qismən hərbi səfərbərlik elan edildi. Ənvər İmanov da ilk könüllülərdən oldu.
Mədinə xanım oğlu ilə bağlı söhbətini belə davam etdirir: “Müharibəyə getməzdən əvvəl soruşdum: “Ənvər, istədiyin varmı?”. Başını aşağı salıb “Deyərəm” dedi. Biz onun sevdiyi qızın kim olduğunu bildik və az sonra nişan apardıq. Müharibədən əvvəl - iyulun 20-də Ənvərin atası koronovirusdan dünyasını dəyişsə də, oğlum bu itkinin ağırlığına baxmayaraq sınmadı, ailənin bütün yükünü üzərinə götürdü. Onunla ən uzun danışığımız oktyabrın 24-də oldu. Əhval-ruhiyyəsi yüksək idi, ümidli idi. Düşünürdüm ki, hər şey ürəyincədir. O isə danışdıqca-danışırdı: Oğlun qəhrəmanlar kimi, medalla qayıdacaq”.
Söhbətin bu yerində qəhər Mədinə xanımın fikirlərini davam etdirməsinə imkan vermir. Lakin o, özünü ələ alıb sözünə davam edir. “Balamın arzuları çox idi, hamısı ürəyində qaldı. Bütün arzularını şəhidliyi ilə əvəz etdi...”, - deyir və dərhal da təskinliyini belə ifadə edir: “Yaxşı ki, nişanlandı. Heç olmasa, o arzusuna qovuşdu. Hələ də onun yoxluğuna inanmıram və elə bilirəm ki, yanımızdadır”.
Şəhidin nişanlısı Məleykə İbadova isə Ənvərlə bağlı xatirələrini bölüşərək deyir: “Biz Ənvərlə bir sinifdə oxuyurduq. Müharibə vaxtı imkan tapan kimi mənə zəng vurardı. Sonuncu dəfə - oktyabrın 27-də Tərtərdə olduğunu bildirdi. Duruxduğumu hiss edib “Narahat olma” dedi”. Məleykə İbadov həmin telefon danışığından iki gün sonra şəhid olan Ənvərin qırx mərasiminə gələn döyüş dostlarının onun barəsində söylədiklərini xatırlayır: “Ürəyi geniş, sözü bütöv və qeyri-adi dərəcədə vətənpərvər idi. Onunla birlikdə kəşfiyyata həvəslə gedirdik”.
Ənvərin məktəb illərindən danışan Azərbaycan Qol Güləşi Federasiyasının baş məşqçisi, onqat Azərbaycan, üçqat Avropa çempionu Zöhrab Məsimov onun bağlı xatirələrini bölüşərkən deyir: “O, qol güləşi idmanı ilə məşğul olmaq üçün mənim yanıma gəldi. Ənvər respublikada keçirilən yarışlarda iştirak edərək dəfələrlə mükafatçı olub, onun həm məşqçisi, həm də dostu idim. Yaş fərqimiz böyük olsa da, həmişə böyük qardaş, dost kimi məsləhətləşərdik. Olduqca tərbiyəli oğlan idi”.
Həqiqi hərbi xidmət dövründə baş atıcı olan Ənvər İmanov Vətən müharibəsi zamanı döyüşən orduda kəşfiyyatçı bölüyünün tərkibində xidmət edib. Silah yoldaşları baş kəşfiyyatçı Ənvər İmanovun sonuncu döyüş tapşırığını yerinə yetirmək üçün hərbçi yoldaşı ilə Xankəndi ətrafına kəşfiyyata göndərildiyini bildiriblər: “O, kəşfiyyat tapşırığını yerinə yetirib qayıdarkən meşədə pusquya düşüb və mühasirəni yarıb keçməyə cəhd göstərərkən qəhrəmancasına həlak olub”.
Onun şəhid olması xəbəri ailə üzvlərinə oktyabrın 29-da çatdırılıb. 2020-ci il oktyabrın 30-da Ənvər Emin oğlu İmanov böyük izdiham və əsgəri şərəflə Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Ənvər İmanov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.